Azərbaycanın İstanbulda turizm nümayəndəliyi açılır

Azərbaycanın İstanbulda turizm nümayəndəliyi açılır
# 27 fevral 2016 11:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə nazirliklə İstanbulda fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.

Fevralın 29-da isə İstanbulda turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula-1” yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirliyində və Almaniyada, 24 fevral tarixindən isə Rusiyada fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR