Elmira Süleymanova Avstraliya parlamentinin üzvlərini qəbul edib

Elmira Süleymanova Avstraliya parlamentinin üzvlərini qəbul edib
# 29 oktyabr 2015 13:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova 1 noyabr - Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Süleymanova ölkəmizdə seçki hüquqlarının prioritet məsələ olduğunu, bu seçkilərin xalqımızın və müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

O bildirib ki, Müvəkkil və onun Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləyib, bu istiqamətdə müəyyən təcrübə qazanılıb. Ombudsman və əməkdaşları qarşıdakı seçki prosesində də müstəqil müşahidəçi qismində iştirak edəcəklər.

Müvəkkil ənənəvi olaraq hər il Ombudsmanların Bakı beynəlxalq konfranslarının təşkil olunduğunu, bu il keçiriləcək, sayca on üçüncü olan konfransın “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusuna həsr ediləcəyini qeyd edib. Həmin beynəlxalq tədbirə Avstraliya Ombudsmanını və onun nümayəndələrini dəvət edib.

E. Süleymanova qarşıdakı seçkilərdə əhalinin fəal iştirak edəcəyinə, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyinə ümidvar olduğunu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR