Şəmsəddin Hacıyev: “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi razılaşdırılmışdı”

Şəmsəddin Hacıyev: “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi razılaşdırılmışdı”
# 17 may 2016 13:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Birinci oxunuşda “Elm haqqında” qanun layihəsində əksini tapmış bəzi maddələrin ikinci oxunuşa təqdim olunmuş layihədən çıxarılması anlaşılmazdır".

APA-nın məlumatına görə, bunu millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şəmsəddin Hacıyev bu gün Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, həmin maddələrin bir çoxu onlar tərəfindən müvafiq subyektlərlə razılaşdırılıb, hüquqi və maliyyə ekspertizasından keçirilib: "O cümlədən magistraturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə maddənin qanun layihəsindən çıxarılması mənim üçün anlaşılmazdır. Təhsildə fasiləsizliyin davam etdirilməsi üçün magistraturada təhsil alanlara möhlət hüququnun verilməsi lazımdır”.

Millət vəkili Hikmət Babaoğlu qanun layihəsində multikulturalizmin əsaslarının öyrənilməsini əksini tapmasını təklif edib.

Millət vəkili Elman Nəsirov Ali Attestasiya Komissiyasının üzvü kimi plagiat hallarına rast gəlindiyini bildirib: “Ancaq burada bir neçə məqam var. Tutaq ki, 150 səhifəlik dissertasiya tamamilə köçürülübsə, bu, plagiat sayılır və məsələ aydındır. Ancaq 150 səhifəlik dissertasiyanın 5 səhifəsi köçürülübsə, iddiaçı deyir ki, bu, çox azdır və qismən köçürülmə plagiat sayılmamalıdır. Ona görə də qismən köçürülmə məsələsinə də aydınlıq gətirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR