Azərbaycanda yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası müəyyənləşib

Azərbaycanda yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası müəyyənləşib
# 18 iyun 2016 00:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi mexanizmini tənzimləyir.

Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi yaşıllıqların vəziyyətinin öyrənilməsi ilə bağlı müntəzəm müşahidələr aparmaq, onların inkişafı üçün müvafiq tədbirlər görmək, xəstəlik və zərərvericilərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri aparmaq, bu halların yayılmasının qarşısını almaq və aradan qaldırmaq yolu ilə təmin edilir. Yaşıllıqlara qulluq torpaqda yumşaltma işləri aparılmaqla, alaq otları və kolların sahədən götürülməsi, suvarılması və mineral gübrə ilə yemləmə, habelə zərərvericilərə qarşı mübarizə tədbirlərindən ibarətdir. Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır. Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir. Bu tədbirlər fiziki və hüquqi şəxslər, bələdiyyələr, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən yerinə yetirilir.

Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar tədbirləri fiziki və hüquqi şəxslər, bələdiyyələr, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə həyata keçirirlər. Yaşıllıqların karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Yaşıllıqların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi üzrə fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, monitorinq yolu ilə həyata keçirilir və hərtərəfli nəzarətə bölünür. Monitorinq yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli olan xəstəlik və zərərvericilərin mənbələri aşkar edilir, yaşıllıqlar üçün yaranmış təhlükə qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir. Nəzarətdə olan sahə, xəstəliklərin və zərərvericilərin adları, təyin olunan nəzarətin üsulu və müddəti göstərilir, həmçinin nəzarət üçün ayrılmış yaşıllığın təsviri verilir. Monitorinq yolu ilə nəzarət zərərvericilərin mənbələrini aşkar etmək məqsədi ilə xüsusi seçilmiş yaşıllıq sahələrində və ya belə sahələrdə xüsusi marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir. Hərtərəfli nəzarətdə zərərvericilərin miqdarının dəyişməsi, bu dəyişmənin səbəbi müəyyən edilir, alınan nəticələrə əsasən, onların kütləvi yayılmasının qısa və uzunmüddətli proqnozu işlənilir. Hərtərəfli nəzarət zamanı hər növ ziyanverici üçün bir neçə sahə seçilir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama keçirilir. Fəaliyyətdə olan təhlükəli zərərverici və xəstəlik mənbələrinin uçotunun aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədi ilə hər il payızda mənbələrin inventarlaşdırılması aparılır. İnventarlaşdırılmanın aparılmasında, keçən dövrdə aşkar olunmuş xəstəliklərin və zərərvericilərin mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və müşahidələrin nəticələrindən istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR