Kiş çayı üzərində yeni körpü tikilir

Kiş çayı üzərində yeni körpü tikilir
# 29 sentyabr 2016 09:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün tikintisinə start verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı (81 m.) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

Bundan başqa, çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

Xatırladaq ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurub, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. “Azəravtoyol” ASC tərəfindən dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR