Afaq Məsud: "Araşdırmalar tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını aşkar edib"

Afaq Məsud: "Araşdırmalar tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını aşkar edib"
# 29 yanvar 2016 15:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı–APA. “Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda respublika forumu işə başlayıb. APA-nın məlumatına görə, Qafqaz Universitetində keçirilən tədbirdə Tərcümə Mərkəzinin sədri Afaq Məsud tərcümə işinin təşkili və tənzimlənməsi ilə bağlı görülən işlərdən, aparılan araşdırmalardan söz açaraq, dil və tərcümə sahəsində yaşanan neqativ hallardan danışıb, bu sahənin, bilavasitə qurucusu olan tərcüməçilik tədrisinin yeni əsaslar və qaydalar üzrə qurulmasının vacibliyinə toxunub: “Aparılan araşdırmalar ölkəmizdə tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını, belə bir strateji əhəmiyyətli sahənin tədrisinin, sadəcə dil mənimsənilməsi tədrisi qismində təşkil olunduğunu aşkar edib. Lakin tərcüməçilik, təkcə hansısa dilə yiyələnmək demək deyil. Bu, xüsusi qabiliyyət və bacarıq tələb edən, çox məsul və yaradıcı sahədir”.

Tərcümə tədrisinin spesifik sahələr üzrə qurulmasının zəruriliyinə toxunan mərkəz sədri, magistr pilləsində bu prosesin mükəmməl mərhələyə çatdırılmasının vacibliyini qeyd edib və tərcümə tədrisinin yenilənməsini şərtləndirəcək təkliflərini irəli sürüb:

"Bu, əlbəttə ki, ilk növbədə, tədris planlarının yenilənməsi və təkmilləşdirilməsi, yəni tədrisin, əsasən tərcüməçilik texnikasının öyrənilməsinə yönəldilməsi, tərcümə praktikasına ikinci kursdan başlanılması və mümkün qədər çox saatın ayrılması, tərcümənin spesifik sahələr üzrə - bədii, texniki, sinxron, media, hüquqi və rəsmi sənədləşmə və s. tədrisinin üçüncü kursdan başlayaraq, əlaqədar sahə öyrənilməklə tətbiqi, magistr pilləsində tərcümənin spesifik sahələr üzrə daha təkmil tədrisi və əlbəttə ki, tərçüməçilik fənni müəllimlərinin, mütəmadi olaraq, xarici ölkələrdə təkmilləşdirilmə kurslarına cəlb edilməsidir”.

Daha sonra əlaqədar mövzu ilə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən Dünyamin Yunusov, “British Council”un direktoru Elizabet Vayt və başqaları çıxış edərək, fikir və mülahizələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR