“Usta söyləyicilərin repertuarı” toplusu çapdan çıxıb

“Usta söyləyicilərin repertuarı” toplusu çapdan çıxıb
# 18 sentyabr 2015 05:13 (UTC +04:00)

Bakı-APA. Folklor İnstitutunda yeni bir kitab – “Usta söyləyicilərin repertuarı” toplusu işıq üzü görüb. Folklor İnstitutundan APA-ya verilən xəbərə görə, toplu Azərbaycanda nağıl söyləyicilərinə həsr olunmuş ilk kitabdır. Kitabda öz dəsti-xətti, söyləyicilik manerası, zəngin repertuarı ilə seçilən dörd söyləyicinin – Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə), Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl) şifahi irsi cəmlənib. Bu söyləyicilər Folklor İnstitutunun icra etdiyi Qarabağ layihəsi çərçivəsində 2012-2014-cü illərdə bölgəyə təşkil olunmuş ezamiyyələr zamanı aşkarlanıb və onların şifahi irsi yazıya alınıb. Müxtəlif peşə sahibi olan bu söyləyicilərin hamısı hələ erkən yaşlarından şifahi ədəbiyyata böyük maraq göstərib, valideynlərindən, ağsaqqallardan eşitdiyi nümunələri güclü hafizələri sayəsində yadda saxlayıblar. Müxtəlif janrlara dair nümunələr bilsələr də, nağıllar onların repertuarının əsasını təşkil edir və ustalıq, sənətkarlıq keyfiyyətləri məhz bu janrda özünü daha çox göstərir. Bu söyləyicilər Azərbaycan nağıl repertuarını yeni süjetlərlə, yeni kontaminasiya tipləri ilə zənginləşdirib, Azərbaycan folkloruna həm informasiya yükünə, həm də variant xüsusiyyətlərinə görə ənənəvi variantlardan kifayət qədər fərqlənən yeni nağıllar bəxş ediblər.

Kitabda söyləyicilərin geniş tərcümeyi-halı verilib, şifahi irsi qısa xarakterizə edilib və onlardan yazıya alınmış ən seçmə nümunələr verilib. Kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, materialların toplayıcısı fil.üz.f.d. İlkin Rüstəmzadə, kitabın elmi redaktoru fil.üz.f.d. Rza Xəlilovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR