BDU-nun Elmi Kitabxanasında 20 Yanvara həsr edilmiş tədbir keçirilib

BDU-nun Elmi Kitabxanasında 20 Yanvara həsr edilmiş tədbir keçirilib
# 16 yanvar 2020 19:18 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib.

“Qanlı hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmayıb. Həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verilib”, - deyə prorektor bildirib.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova isə bildirib ki, keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməyib, əksinə, haqq səsini daha ucadan bəyan edib: “Xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.

Kitabxananın əməkdaşları Ramiyə İsgəndərzadə, Jalə Mustafazadə və Şükufə Əliyevanın çıxışlarından sonra “Vətən sağ olsun” və “Şəhidlər” şeirləri səsləndirilib.

Kitabxanada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar kitab sərgisindən, hadisənin fotoşəkillərindən ibarət fotosərgi təşkil olunub, “Gənc istedadlar” liseyinin şagirdlərinin faciə ilə əlaqədar rəsm əsərləri nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR