“PAŞA Həyat” 2017-ci ilin nəticələrini açıqlayıb

“PAŞA Həyat” 2017-ci ilin nəticələrini açıqlayıb
# 19 mart 2018 10:23 (UTC +04:00)

Ölkənin ən iri həyat sığorta şirkəti olan “PAŞA Həyat” ASC 2017-ci ilin audit olunmuş, MHBS-ya uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.

Şirkətin Baş Maliyyə İnzibatçısı Dilarə Babayevanın "APA-Economics"ə verdiyi məlumata görə, “PAŞA Həyat”ın hesabat ilindəki xalis mənfəəti 17,33 mln. manat (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5% artım) təşkil edib: "O cümlədən, 31 dekabr 2017-ci il tarixə olan hesabatına əsasən məcmu aktivlərin həcmi 218,23 milyon manat olub. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən “PAŞA Həyat” aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb".

Hesabata əsasən, 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58,19 mln. manat (+7,5%), məcmu öhdəlikləri 160,04 mln. manat (+58%) təşkil edib.

Ötən il ərzində şirkət 151,12 mln. manat xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələyib. Eyni zamanda, bu dövr ərzində “PAŞA Həyat” ASC tərəfindən müştərilərə 58 mln. manat sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılıb.

Şirkətin 2017-ci ilin nəticələrinə dair maliyyə hesabatının tam versiyası ilə www.pasha-life.az saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. 31 dekabr 2017-ci il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “Həyatın müddətli sığortası”, “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası”, “Ailəmin PAŞA Güvənliyi” və digər adlı fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR