Avstraliya parlamentində Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş qəbul keçirilib

Avstraliya parlamentində Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş qəbul keçirilib
# 19 oktyabr 2016 16:26 (UTC +04:00)

Bakı - APA. Avstraliya federal parlamentində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş qəbul keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Avstraliyanın nüfuzlu siyasətçisi, keçmiş baş nazir Toni Abbot, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yəhudi icmalarının, ictimaiyyətin tanınmış təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü senator Bek Kristofer Con Azərbaycan haqqında öz xatirələrini bölüşüb. B. K. Con bu yaxınlarda Azərbaycana səfər etdiyini, referendumda şəffaflıq və səsvermə prosesinə nəzarətin çox yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avstraliya parlamentinin deputatı Kelli Kraig Robert isə Şəhidlər Xiyabanını ziyarətini xatırladıb, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan insanlardan danışıb.

Qəbulda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Azərbaycanla Avstraliya arasında əlaqələrin inkişafı yönündə səylərin səfərbər edilməsini vacib sayıb. Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında müstəqil Azərbaycan haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yoldan danışıb. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.

Həmin gün X. Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin xarici işlər naziri Culi Bişopla görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyəti C. Bişopa Avstraliyanın Dağlıq Qaradağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını bildirib. C. Bişop Avstraliya ilə Azərbaycan arasında iqtisadi, qarşılıqlı investisiyaların qorunması, ticarət sahələrini əməkdaşlığın əsas inkişaf istiqamətləri kimi dəyərləndirib. O, hazırda Avstraliya şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda çox uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. C. Bişop deyib ki, Avstraliya Azərbaycanın Neft Fondunun investisiyaları üçün çox maraqlı ölkə ola bilər. Görüşdə Azərbaycanın bölgədəki strateji mövqeyi qeyd edilərək Avstraliyanın Bakıda təmsilçiliyinin açılması məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR