Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələri genişlənir - FOTO

Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələri genişlənir - <span style="color: red;">FOTO
# 09 may 2015 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər və s. barədə nümayəndə heyətinə geniş məlumat verib.

Ş. Mustafayev Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verildiyini, S. Çakrabartinin ölkəmizə səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, indiyədək AYİB tərəfindən Azərbaycana 155 layihə çərçivəsində 2,5 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. “Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir. AYİB tərəfindən indiyədək özəl sektorda 145 layihə maliyyələşdirilib. 2014-cü ildə özəl sektorda 21 layihəyə bank tərəfindən 238 mln. avro kredit ayrılıb. Hazırda özəl sektorda 20 layihənin maliyyələşdirilməsi üçün AYİB-lə müzakirələr aparılır”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ş. Mustafayev AYİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə toxunaraq sənaye və kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet istiqamətləri olduğunu vurğulayıb, bu sahələrdə bankla əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsində sənayenin inkişafı mühüm rola malikdir, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib, sənaye parkları və məhəllələrinin yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi prioritet sahələr kimi müəyyənləşdirilib.

Ş. Mustafayev AYİB-i bu sahəyə investisiya yatırmağa dəvət edib. Bundan başqa, bankın kənd təsərrüfatı üzrə kiçik və orta sahibkarlara maliyyə dəstəyi göstərməsi, infrastruktur və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədəuyğundur. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Ş. Mustafayev AYİB-in növbəti illik topantılarından birinin Bakıda təşkil olunmasını təklif edib.

S. Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. AYİB prezidenti Azərbaycana dair Ölkə Strategiyasının iqtisadiyyatın diversifikasiyası prioritetlərinə uyğunlaşdırılmasını, ölkədə korporativ idarəetmənin genişləndirilməsi üzrə əməkdaşlığı dəstəklədiyini bildirib, kiçik və orta sahibkarlığın təşəbbüslərinə önəm verdiyini qeyd edib. S. Çakrabarti bankın sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin, AYİB nümayəndələri ilə bankla birgə həyata keçirilən layihələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR