Bakıda Lüsern Dünya Turizm Forumunun toplantısı keçiriləcək

Bakıda Lüsern Dünya Turizm Forumunun toplantısı keçiriləcək
# 03 iyul 2015 15:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Lüsern Dünya Turizm Forumunun rəhbəri Reto Viver və baş meneceri Martin Bart ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərdən biri olduğunu, bu xüsusda turizm sahəsinin inkişafına, o cümlədən beynəlxalq turizm əlaqələrinə, təcrübə mübadiləsinə mühüm önəm verildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın bu ilin aprelində İsveçrə Konfederasiyasının Lüsern şəhərində keçirilən 4-cü Lüsern Dünya Turizm Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Reto Viver Azərbaycanın Lüsern Forumunda qonaq ölkə qismində iştirakı çərçivəsində keçirilən təqdimatdan söz açaraq bu tədbirdən sonra ölkəmizə marağın daha da artığını qeyd edib.

Qonaq Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin təqdirəlayiq olduğunu və ölkəmizdə bu sahənin inkişafının beynəlxalq turizm təşkilatlarının da diqqətini çəkdiyini deyib.

Nazir öz növbəsində son illər Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi nailiyyətlərdən, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edib.

Söhbət zamanı 2016-cı ilin mart ayında Bakıda Lüsern Dünya Turizm Forumunun beyin mərkəzlərinin toplantısının keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar “Lüsern Dünya Turizm Forumu”nda Azərbaycanın iştirakı ilə bağlı hazırlanmış fotoalbomu nazirə təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR