Fransa XİN rəhbəri Tehrana səfər edib

Fransa XİN rəhbəri Tehrana səfər edib
# 29 iyul 2015 11:06 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Fransa xarici işlər naziri Loran Fabius Paris-Tehran münasibətlərinin bərpası məqsədilə İrana səfər edib.


APA-nın “France Press”ə istinadən verdiyi xəbərə görə, bu, 12 ildən sonra Fransanın rəhbər şəxslərinin İrana ilk rəsmi səfəridir.


“Bu çox mühüm səfərdir. Biz iki mühüm müstəqil ölkəni, iki böyük sivilizasiyanı təmsil edirik. Məlum səbəblərə görə əlaqələrimiz kəsilib, lakin nüvə proqramı üzrə əldə olunmuş saziş sayəsində çox şey dəyişə bilər. Mənim səfərim ölkələrimiz arasında yeni münasibətlərin başlanğıcıdır. Həm İranın, həm də Fransanın regionda sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində bir sıra öhdəlikləri var”, - deyə L. Fabius bildirib.

L. Fabius həmçinin qeyd edib ki, Fransa prezidenti Fransua Olland iranlı həmkarı Həsən Ruhanini Parisə dəvət edib: “Mən İran prezidentinə bu ilin noyabrında Fransaya səfər etmək üçün dəvət məktubunu gətirmişəm”.

Fransa XİN rəhbəri İrana səfəri çərçivəsində prezident Həsən Ruhani, XİN rəhbəri Məhəmməd Cavad Zərif, həmçinin neft naziri, sənaye və ticarət naziri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR