Bakıda gənclər arasında tolerantlığın təbliği mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda gənclər arasında tolerantlığın təbliği mövzusunda beynəlxalq konfrans keçirilib
# 22 noyabr 2017 08:21 (UTC +04:00)

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə MDB ölkələrindən qonaqların, gənclərin, tədqiqatçıların iştirak etdiyini bildirib.

İ. Babayev Azərbaycanda müxtəlif xalq və etnik qrupların mehriban, tolerant şəraitdə yaşadıqlarını, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu nəzərə çatdırıb. Azərbaycanda gənclərə diqqətdən söz açan gənclər və idman nazirinin müavini ölkədə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənclər təşkilatları tərəfindən çoxsaylı layihələr keçirildiyini qeyd edib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Gənclər Fondu gənclər təşkilatlarının, o cümlədən gənclərin fərdi təşəbbüslərini dəstəkləyir, layihələrini maliyyələşdirir. Gənclərin və gənclər təşkilatlarının etnik azlıqlar və multikulturalizmlə bağlı həyata keçirdiyi layihələrdən söz açan F. Hacıyev gələcəkdə də Gənclər Fondunun bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov isə bu gün multikulturalizm və tolerantlıq ideyalarının aktual olduğunu söyləyib. Tolerantlıq və multikulturalizmin tarixi mahiyyəti barədə məlumat verən R. Həsənov tolerantlıq və multikulturalizmin hər bir demokratik cəmiyyətin nail olmağa çalışdığı dəyər olduğunu vurğulayıb: "Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqımızın yaşam formasıdır. Bizə bəzən sual verirlər ki, Azərbaycanda necə olur ki, katoliklər, pravoslavlar, müsəlmanlar, yəhudilər bir-birinin evinə gedib-gəlir? Bu, tarixən formalaşmış bir ənənədir. Bəzi Qərb ölkələri hesab edir ki, multikulturalizm etnik qarşıdurmaya gətirib çıxara bilər. Ancaq multikulturalizmin alternativi yoxdur. Hazırda multikulturalizmin mövcud cəmiyyət modelinin ən yaxşısı olduğunu düşünürük. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15 ölkəsində multikulturalizmi təbliğ edir. Qloballaşma müsbət anlayış olsa da, həssas tərəfləri var. Xalqların və mədəniyyətlərin assimilyasiya olunmaması lazımdır. Azərbaycan dövləti bir kəndin belə dilinin qorunmasına çalışır".

Konfrans Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR