Vəli Qasımov: “Futbolçularımız pis öyrəşiblər, rahatlıq axtarırlar” - MÜSAHİBƏ

Vəli Qasımov: “Futbolçularımız pis öyrəşiblər, rahatlıq axtarırlar” - MÜSAHİBƏ
# 24 dekabr 2019 17:49 (UTC +04:00)

Azərbaycan milli komandasının sabiq futbolçusu Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının ilk yarısı başa çatdı. Qış çempionu “Qarabağ” oldu. Çempionatının ümumi mənzərəsini nəcə dəyərləndirərdiz?
- Bizim çempionata maraq çoxdan “ölüb”. Camaat futbola getmir, maraq göstərmir. Oyunları izləməyə gedənlərin sayı çox azdır. Bu da çempionatımız üçün yaxşı deyil. İlk yarını da izlədim. Məncə, elə bu mövsümdə də “Qarabağ” çempionluğu bayram edəcək. Çünki bu komanda stabil futbol oynayır.

- “Neftçi” ilk yarını ikinci pillədə başa vurdu. “Ağ-qaralar”ın çıxışı ürəkaçandır? Necə düşünürsünüz, bu komanda qışdan sonra birinci pilləni ələ keçirib, mayda çempionluğu bayram edə bilər?
- Bəli, “Neftçi” ikinci pillədədir. Ancaq düşünmürəm ki, “Qarabağ”a çata bilsin. Çünki “Neftçi”nin göstərdiyi oyun onu göstərir ki, komanda çempionluq üçün mübarizə apara bilməz. Bu komanda ikinci yer tuta bilər, birinci olacağına inanmıram.

- Heyət baxımından necə, “Neftçi”də oyunçu dəyişikliyi çox vacibdir? Sizcə, komandanın əsas problem nədədir?
- “Neftçi”də klubdaxili problemlər həmişə olub. Ona görə də komandada stabillik yoxdur. Yəqin ki, burada olanlar problemin nədən qaynaqlandığını özləri bilərlər. Mən bu barədə nəsə deyə bilmərəm. Amma görünür problemlər var ki, komanda stabil oynamır.

- Son günlərdə Roberto Bordinin komandadan göndərilməsi müzakirə mövzusuna çevrilib. Necə düşünürsünüz, italiyalı mütəxəssis “Neftçi”dən getməlidir?
- Onun gedişi, yoxsa qalmağı yaxşıdır, bunu bilmirəm. Yeni baş məşqçi gələsi olsa, komandanı sıfırdan quracaq. Üstəlik, futbolçuların əksəriyyətini də göndərib, yenilərini gətirəcək. Hər mövsüm baş məşqçini dəyişmək yaxşı deyil. Yerli mütəxəssisi baş məşqçi təyin etmək ondan yaxşıdır. Çünki xarici məşqçi gəlir, bir az işləyir, bəyənmirlər, çıxıb gedir. Ancaq kimin işləməsindən asılı olmayaraq, həmin mütəxəssisə vaxt verilməlidir. “Neftçi” kubokda uğursuz çıxış etsə də, Roberto Bordinin heç də pis işləmədiyini deməliyəm. Sadəcə onlar bəzi matçları yaxşı, bəzini uğursuz oynayırlar. Stabillik yoxdur. Bu da daxildəki problemdən irəli gəlir.

- Ötən mövsüm Avropa Liqasının Bakıdakı final oyunu ərəfəsində daha çox gündəmdə idiniz. Ancaq son vaxtlar kölgəyə çəkilmisiz. Bu nə ilə bağlıdır?
- Düzdür, keçən il çox tədbirlər var idi, tez-tez belə toplantılara qatılırdım. Ancaq bu il tədbirlərin az olması səbəbindən az görünürəm. Avropa çempionatı öncəsi bunların sayı artacaq və mən də iştirak edəcəm.

- 2016-cı ildə “Neftçi”də baş məşqçi postundan ayrıldıqdan sonra məşqçi fəaliyyəti ilə məşğul olmursuz. Sizcə, klublarımız niyə xidmətinizdə maraqlı deyil?
- “Neftçi”dən ayrıldıqdan sonra heç bir klubdan təklif almamışam. Əlbəttə ki, dəvət gələrsə, işləməyə hazıram.

- Nikola Yurçeviç AFFA-nın qərarı ilə istefaya göndərildi. Onun komandadan göndərilməsinə necə şərh edərdiz?
- Görünən budur ki, futbolçularımız millidə xarici mütəxəssisin baş məşqçi olmasını istəyirlər. Bilmirəm, nəyə görə, amma bu belədir. Bu sırf futbolçuların fikridir. Amma məncə, millimizdə yerli mütəxəssis işləsə, gələcəkdə yığmamız üçün daha yaxşı olar.

- Millinin baş məşqçi postu üçün yerlilərdən daha çox Samir Abasov və Tərlan Əhmədovun adı hallanır. Sizcə, onlar buna hazırdır?
- Hər bir azərbaycanlı yığmada kimi çalışa bilər. Gərək hər şeyi seçib-biçəsən ki, klublarımıza da çətinlik olmasın. Millidə baş məşqçi işləmək üçün təcrübə də vacibdir. Samir Abasov da, Tərlan Əhmədav da buna layiqdir. Əsas odur ki, azərbaycanlı işləsin.

- Maraqlıdır, sizin özünüzə millini çalışdırmaq təklif olunsa, qərarınız necə olar? Buna hazırsınız?
- Əlbəttə ki, işləməyə hazıram. Azərbaycan futboluna hamı kömək etmək istəyir. Millidə azərbaycanlı işləsə daha yaxşı olar. Sadəcə bunun üçün şərait yaratmalıdırlar. Deyirlər məşqçimiz yoxdur, amma millidə işləmək gücündə o qədər yerli mütəxəssislər var ki... Arif Əsədov, Vaqif Sadıqov, Yunis Hüseynov, Nazim Süleymanov kimi mütəxəssislərin Azərbaycan futboluna ancaq xeyri dəyər. Düzdür, hamı bilir ki, futbolçularımız hazırda güclü deyillər. Azərbaycan çempionatı da güclü deyil, çox oyunçumuz da bu liqada çıxış edir. Milli üçün seçim çox azdır. Amma bəzi cavanlar var ki, ürəklə oynayırlar.

- Futbolçularımız xaricə yollanmaq istəmirlər. Onlar niyə yerli çempionatda oynamağı legioner həyatı yaşamaqdan üstün tuturlar?
- Bizim futbolçular pis öyrəşib, rahatlıq axtarırlar. Hamı bilir ki, xarici komandaya gedəsi olsan, gərək özünə əziyyət verəsən ki, heyətə düşə biləsən. Azərbaycanlı futbolçularda bu əziyyəti çəkmək istəyəni görmürəm. Yerli çempionatında futbolçular azdır, həmişə də əsas heyətdə oynayırlar, özlərinə əziyyət vermək istəmirlər. Mən əvvəllər də deyirdim ki, futbolçunu xaricə lap gənc yaşlarından göndərmək lazımdır. Çünki uşaqlarımız yerli liqaya öyrəşməməlidir. Azərbaycanlı futbolçu yerli liqada oynayandan sonra fikirləşir ki, onsuz da yerli azdır, əsas heyətə düşmək asandır, maaş alıram, xaricə getsəm əziyyətdir. Bu gün futbolçularımız özlərini xarici klublarda görmək istəmirlər. Orda özlərini görmürlər, işləmək istəmirlər. Axı qarşına məqsəd qoymalısan ki, gedib xaricdə oynamalısan, oradan daha yaxşı kluba keçməlisən. Həmişə uşaqlara demişəm ki, məqsədin olmasa heç vaxt yüksələ bilməzsən. Azərbaycan çempionatının ən yaxşı klublarında oynamaq, millidə çıxış etmək məqsədinə çatdıqdan sonra Avropanı fikirləşmək lazımdır. Ortabab klublarda oynaya-oynaya daha böyük klublara keçmək ehtimalın yaranır. Amma azərbaycanlı futbolçular bu məsələdə tənbəldir, rahatçılıq axtarırlar deyə, uzağa getmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR