Dünya Bankı “Doing Business” hesabat metodologiyasına dəyişiklik edib

Dünya Bankı “Doing Business” hesabat metodologiyasına dəyişiklik edib
# 30 oktyabr 2014 11:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya Bankının (DB) ofisində bu qurumun və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hazırladığı “Doing Business-2015” hesabatının təqdimatı olub.

APA-Economics” xəbər verir ki, DB-nin Vaşinqtonda yerləşən baş ofislə yaradılan video-konfransda bankın Qlobal İndikatorlar Qrupunda özəl sektorun inkişafı üzrə mütəxəssisi Olena Koltko deyib ki, bu hesabata üç əsas dəyişiklik edilib. “İki il ərzində biz hesabata müəyyən dəyişikliklər edəcəyik. Bu il dəyişikliklərin birinci ilidir. “Doing Business-2015” hesabatına üç əsas dəyişiklik edilib. Belə ki, hesabatda əhatə olunan 3 indikatorun əhatə dairəsi genişləndirilib. Bundan başqa, əhalisinin sayı 100 milyondan artıq olan 11 ölkədə iqtisadi baxımdan ikinci ən böyük şəhər də hesabata daxil edilib. Eləcə də, renkinqin hesablanması qaydasına da dəyişiklik edilib”.

O. Koltko əlavə edib ki, bu il ümumi reytinq ən mütərəqqi həddən uzaqlığa görə əsaslandırılıb. Onun sözlərinə görə, bu göstərici bu və ya digər ölkənin hər hansı indikator üzrə ən qabaqcıl təcrübədən nə dərəcədə uzaqlıqda yerləşdiyini müəyyən etməyə kömək edir. “Hər bir indikator 0-100 bal arasında qiymətləndirilir. 100 bal ən mütərəqqi, qabaqcıl hədd sayılır. Ölkənin hər hansı bir indikator üzrə balı nə qədər yüksək olması, bu ölkənin ən qabaqcıl təcrübəyə nə qədər yaxın olmasından xəbər verir”, - deyə O. Koltko vurğulayıb.

O. Koltko qeyd edib ki, ötən il hesabatda Azərbaycanın ən yaxşı nəticəyə yaxınlığı 61,97 bal olubsa, bu il bu göstərici 64,08 bala qədər yüksəlib.

Builki dəyişiklikləri əsas gətirən Qlobal İndikatorlar Qrupunun mütəxəssisi Julien Vilquin “Doing Business-2015” və “Doing Business-2014” hesabatı üzrə ölkələrin reytinqinin müqayisəsini düzgün saymır: “Məsələn, Azərbaycan "Doing Business-2014" hesabatında 70-ci, builki hesabatda isə 80-ci yerdə qərarlaşıb. Bu o demək deyil ki, Azərbaycan geriləyib. Əgər "Doing Business-2014" hesabatında reytinqi builki metodologiya ilə hesablasaq onda Azərbaycan 2014-cü ildə 88-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, Azərbaycan öz yerini 88-ci yerdən 80-ci yerə qədər yaxşılaşdırıb”.

Ümumiyyətlə, Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biridir. Belə ki, Tacikistan, Benin, Toqo, Kot-dİvuar, Seneqal, Trinidad və Tobaqo, Konqo Demokratik Respublikası, Azərbaycan, İrlandiya, Birləşmiş Ərəb Əmirliyi tərəfindən ümumilikdə biznesə başlanılması şərtlərinin yaxşılaşdırılması istiqamətində 40 hüquqi islahat həyata keçirilib.

“Doing Business-2015” hesabatına əsasən, 2013-cü ilin iyun ayından 2014-cü ilin iyun ayına qədər Azərbaycan biznes başlanılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənilməsi sahəsində üç uğurlu islahat aparıb.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business 2015” hesabatında Azərbaycan 189 ölkə arasında 80-ci yerdə qərarlaşıb. “Mülkiyyətin qeydiyyatı” indikatoru üzrə Azərbaycan 10-cu, “vergilərin ödənilməsi” üzrə 33-cü, “tikintiyə icazənın alınması” üzrə 150-ci, “elektrik enerjisinin əldə edilməsi” üzrə 159-cu, “sərhəd yaxınlığında ticarət” indikatoru üzrə isə 166-cı yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR