Azərbaycanda bir mərkəzdə il yarımda 1200-ə qədər ürək əməliyyatı keçirilib

Azərbaycanda bir mərkəzdə il yarımda 1200-ə qədər ürək əməliyyatı keçirilib
# 20 noyabr 2014 18:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Mərkəzində Ümumdünya Uşaq Gününə həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunan beynəlxalq konfrans 20 noyabr Ümumdünya Uşaqlar Gününə həsr edilib.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin birinci müavini Adil Kərimli bildirib ki, konfransda 47 ölkədən 100-ə yaxın həkim iştirak edir. Beynəlxalq konfrans Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşır: “Əsas məqsəd Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır. Bu konfrans uşaq hüquqlarının əsas təməli sayılan "Sağlamlıq hüququ"nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Azərbaycanda son illərdə yeni tibb müəssisələri tikilib. Ölkədə uşaqlara göstərilən xidmətlərin xüsusi proqramlarla tənzimləndiyini deyən nazir müavinin sözlərinə görə, ötən il Milli Məclis tərəfindən “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun qəbul edilib: “Yalnız bu ilin ilk 9 ayı ərzində ölkədəki 2,6 milyon uşağın 2 milyonu icbarı dispanserizasiyadan keçib. Dispanserizasiya nəticəsində 5 faiz xəstə uşaq dispanser qeydiyyatına alınıb. Azərbaycanda yaradılan Ürək Cərrahiyyə Mərkəzində son 1,5 il ərzində 1200-ə qədər ürək əməliyyatı keçirilib”.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Konfransın Təşkilat Komitəsinin sədri Rəşad Mahmudov isə çıxışında qeyd edib ki, hər il dünyada 1 milyondan çox anadangəlmə ürək qüsuru ilə uşaq dünyaya gəlir: “Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir. Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirlər”.

Azərbaycanın bu sahədə nailiyyətlər əldə etdiyini deyən R.Mahmudov qeyd edib ki, ölkədə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir.

Tədbirdə anadangəlmə ürək qüsurları probleminə həsr olunan filmin təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR