“KazMunayQaz”: Azərbaycandan Qazaxıstana benzin tədarükü ilə bağlı öhdəliyi yerinə yetirməyən şirkətə qarşı sanksiya tətbiq olunacaq

“KazMunayQaz”: Azərbaycandan Qazaxıstana benzin tədarükü ilə bağlı öhdəliyi yerinə yetirməyən şirkətə qarşı sanksiya tətbiq olunacaq
# 03 noyabr 2014 12:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan tərəfi Qazaxıstana 6 min ton həcmində Aİ-92 markalı benzinin tədarükü ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi mümkündür”.

APA-Economics”in məlumatına görə, bunu Rusiyanın “İnterfaks” xəbər agentliyinə açıqlamasında Qazaxıstanın “KazMunayQaz” şirkətinin emal və marketinq üzrə baş direktorunun müavini Yerlan Koybaqarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə bağlanılmış müqavilənin şərtlərinə görə, bu həcmdə olan yanacağın tədarükü bu ilin noyabrın 10-na qədər həyata keçirilməlidir: “Biz noyabrın 10-na kimi gözləyəcəyik. Bu öhdəliklər yerinə yetirilmədiyi halda, müqavilənin şərtlərinə əsasən yanacaq nəqlini həyata keçirən şirkətə qarşı sanksiyalar həyata keçiriləcək”, - deyə Y. Koybaqarov bildirib.

O xatırladıb ki, Azərbaycandan Qazaxıstana benzin ixracı ilə bağlı müqavilə oktyabrın 10-da bağlanıb. Belə ki, bu müqaviləyə görə, Qazaxıstan şirkəti tərəfindən Azərbaycandan bu ölkəyə 3 min ton Aİ-92 markalı benzin idxal etmək üçün öncədən ödəniş də edilib. Bununla belə, Y. Koybaqarov şirkətin adını açıqlamayıb.

“KazMunayQaz” şirkətindən də APA-Economics”ə Qazaxıstana benzin tədarükünü həyata keçirəcək şirkətin adını açıqlamaq istəməyiblər.

Eyni məzmunlu açıqlamanı Qazaxıstanın Azərbaycandakı səfirliyindən veriblər.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə bildirib ki, şirkət “KazMunayQaz”la Qazaxıstana benzin tədarükü ilə bağlı heç bir müqavilə və ya razılaşma imzalamayıb.

Qeyd edək ki, bir müddət öncə ARDNŞ Qazaxıstana avtomobil benzini ixrac etməyi planlaşdırmadığını öncədən bəyan edib. Belə ki, şirkətdən bildirilib ki, şirkətin əsas vəzifəsi ilk növbədə neft məhsullarına olan daxili tələbatın ödənilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR