Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var

Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var
# 18 iyul 2014 08:10 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 24-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü, Şəki rayonu Vərəzət kənd sakini Natiq Ələddin oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı 90 FK 577 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü, rayonun Şəki kənd sakini Yusif Nərmən oğlu Cəlilovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Y. Cəlilov hadisə yerində ölüb. Avtomobilin sürücüsü N. Rəhimov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, N. Rəhimov qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Hazırda N. Rəhimovun vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR