FHN-in qadın xilasediciləri - XÜSUSİ REPORTAJ

FHN-in qadın xilasediciləri - <span style="color: red;">XÜSUSİ REPORTAJ
# 15 dekabr 2014 21:02 (UTC +04:00)

Bu xanımın adı Leyladır. Əlbəttə ki, gördüyümüz andan ilk təəssürat yarada bilmədik. Çünki Leyla da onlarla xanım və analardan biridir.

Bəs onda nədir bu xanımı özəl edən? Hə, bu maraqlı sualdır. Və cavabı da hazırdır: "Mən deyəndə xilasediciyəm, əvvəllər çox təəccüblə yanaşırdılar. İndi normal qəbul edirlər".

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Bu xidmətdə çalışan 7 xanımdan biridir. Dediyinə görə, əvvəllər fərqli qurumlarda çalışıb. Amma özünü onlardan heç birində tapmayıb. Deyir ki, kimliyindən asılı olmayaraq, çətinə düşənə kömək eləmək həm maraqlıdır, həm də qürurverici. O, təkcə işində yox, normal həyatda da belə olduğunu söyləyir: "24 saat ərzində harada olmağımızdan asılı olmayaraq, məlumat gələndə hadisə yerinə çıxırıq".

Onlar üçün yardım gözləyənin milləti, dini, cinsi, yaşı birdir: İNSAN

"Biz hadisə yerinə gedəndə ana olduğumuzu unuduruq. Fikirləşirsən ki, sən bu insana kömək etməlisən. Körpə uşaq olanda insanın gözünün qarşısına bəzən öz uşağı gəlir. Ancaq bir şey düşünürsən, sən bu uşağı xilas etməlisən".

Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət aparan qadın xilasedicilər təkcə asan yox, həm də mürəkkəb olan xilasetmə əməliyyatlarında iştirak edirlər. Kişilərlə bərabər çətin və ağır şəraitlərdə, həyatlarını təhlükəyə ataraq, onlarla insanın həyatını xilas etməyi bacarırlar: "Nərimanov rayonunda bir hadisə baş vermişdi. Bir xanım ailə münaqişəsi zəminində intihara cəhd etmişdi. Binanın damına çıxmışdı. Mən güc topladım və onu xilas etdim, öz ailə üzvlərim kimi baxırdım ona, ancaq ürəyimdə niyyətim o idi ki, onu xilas edim. Şükürlər olsun ki, bu, baş tutdu. O, mənə dəfələrlə zəng edib təşəkkürünü bildirdi. Bunun özü böyük fərəhdir".

"Bir dəfə də çağırış oldu gəldi. Biz hadisə yerinə getdik. Bağlı qapı idi. Hələ heç nədən məlumatımız yox idi. Həmin qız 4-cü mərtəbədə qalır. Biz 5-ci mərtəbədən 4-cü mərtəbəyə enib, pəncərədən evə daxil olduq. Evdə hər şey dağınıq idi, yüksəsk səslə musiqi çalınırdı. Yaxınlaşdım ki, hamam otağı bağlıdır, arasından az işıq gəlir. Hamamın üstündə çox kiçik pəncərə var idi. Adi vaxtda cəhd etsəm, keçə bilmərəm. Əlcəklər, kaska hər zaman başımızda olur, alət və avadanlıqlardan istifadə edirik. Ratsiya ilə əməkşdalara tez xəbər verdim ki, qapını açsınlar. Ona qədər mən pəncərədən daxil oldum. O, qız qollarını kəsmişdi. Bircə onu düşünürdüm ki, baxım görüm sağdırmı. Baxdım ki, nəbzi vurur. Təcili tibbi yardım maşını ilə xəstəxanaya yolladıq. Şükür ki, sağ qaldı".

Fövqəladə Hallar Nazirliyində xidmət aparan qadınlar təkcə peşə fəaliyyətləri ilə məşğul deyillər. Onlar həm də ixtisaslarına uyğun olan yarışmalara, müsabiqələrə də qatılırlar: "Mən əvvəllər karate, Azərbaycan milli komandasında buza dırmanma ilə məşğul olmuşam . Fövqəladə Hallar Nazirliyinin adından yarışlara qatılıram. 5 qızıl medal, iki kubok gətirmişəm".

Onlar həm də ev, ailə məsuliyyəti olan xanımlardırlar. Bu mənada görəsən çətin deyil ki?! Sualıma əvvəlcə güldü. Sonra maraqlı bir məqamı yadına saldı: "Analıq məzuniyyətində idim. Üç il analıq məzuniyyəti götürə bilərdim. Amma gözləmədim. Elə həyat yoldaşım da məni yarışda bəyənib".

"Mən işlə paralel ən sevdiyim iş evdar qadın obrazıdır. Uşağımla keçirdiyim vaxt mənim üçün ən dəyərli vaxtdır. Öz evimin işini heç kimə etibar etməyi xoşlamıram. Evin işini ancaq özüm görürəm. Sağ olsun yoldaşım, mənə çox kömək edir. Mən fikirləşirəm ki, xilasedici bu dünyada ən gözəl sənətdir. Ondan gözəl nə var ki..."

Azərbaycan qadını təkcə bizim görməyə öyrəşdiyimiz qadın obrazı deyil. O, həm də xilasedicidir. Elə bir xilasedici ki, saatından və şəraitindən asılı olmayaraq öz zərif çiyinlərində istənilək yükü daşımağa qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR