Azərbaycanda ilin əvvəlindən əlillər 18 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub

Azərbaycanda ilin əvvəlindən əlillər 18 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub
# 09 oktyabr 2014 07:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi bu ilin 9 ayında tibbi göstərişi olan 569 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu müddətdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 671 ədəd aşağı ətraf və 102 ədəd yuxarı ətraf protezləri, 238 ədəd ortez-korset, 224 ədəd döş protezi, 569 cüt qoltuqaltı, 824 ədəd əsa, 1 219 cüt ortopedik ayaqqabı, 369 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər müxtəlif növlərdə 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Eyni zamanda, ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmri ilə yaradılmış, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadalar tərəfindən hesabat dövründə 20-dək rayon üzrə ayrı-ayrı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. üzrə bərpa-müalicə işi yerinə yetirilir. Bu stasionarlarda cari ilin 9 ayında 524 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR