Elman Abdullayev: “Hədəfimiz Afrika İttifaqı ölkələrini Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlandırmaq və dostlar qazanmaqdır” - MÜSAHİBƏ

Elman Abdullayev: “Hədəfimiz Afrika İttifaqı ölkələrini Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlandırmaq və dostlar qazanmaqdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 29 sentyabr 2014 13:02 (UTC +04:00)

- Elman müəllim, Efiopiyada yeni səfirlik açmaq zərurəti nədən irəli gəlib?

- Əvvəla, deyim ki, Efiopiyaya sıradan Afrika ölkəsi kimi yanaşmaq doğru deyil. Bu ölkə Afrika qitəsində, o cümlədən Şərqi Afrika regionunda ən sürətlə inkişaf edən ölkələrdən biridir və bütün dünyada qədim sivilizasiya mərkəzlərindən hesab olunur. Qədim xristian sivilizasiyasıdır. Bu ölkənin xalqı qədimdən dövlətçilik ənənələrinə malikdir. Hazırda isə Efiopiya paytaxtında dünyanın ən böyük təşkilatlarından biri olan Afrika İttifaqının mərkəzi qərargahı yerləşir. Buna görə də Əddis-Əbəbə Afrikanın diplomatik paytaxtı hesab edilir. Cənab prezident böyük etimad göstərərək, iki sərəncam – Efiopiyaya səfir təyin olunmağım və Afrika İttifaqında Azərbaycanın daimi nümayəndəsi təyin olunmağım barədə sərəncamlar imzalayıb. Rezident səfir kimi hər iki təyinat ilk sayıla bilər. Diplomatik nümayəndəliyimizin Əddis-Əbəbədə açılması ölkəmizin həm Afrika İttifaqı ilə, həm də Efiopiya ilə münasibətlərinin yeni müstəviyə, daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olmasının göstəricisidir. Afrikanın iki əsas bölgəsi son illərdə inkişafına görə fərqlənir: Cənubi Afrika və Şərqi Afrika regionları. Bu bölgələrlə münasibətlərimizin möhkəmlənməsi çox önəmlidir və qarşılıqlı şəkildə faydalı olacaq.

- Son illərdə Azərbaycan Afrika ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır. Bunun səbəbi və məqsədi nədir?

- Bunu başa düşmək üçün əvvəl Azərbaycanın xarici siyasət konsepsiyanı anlamaq lazımdır. Bu konsepsiya Azərbaycana böyük uğurlar gətirib. Azərbaycanın xarici siyasəti özlüyündə çoxşaxəlilik, balanslılıq əks etdirir və bütün ölkələr, beynəlxalq təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədini daşıyır. Ölkəmiz gücləndikcə, diplomatik münasibətlərimiz də genişlənir, dostlarımızın sayı artır. Bu, bizim əsas prioritetlərimizdəndir. İndiyədək Afrika İttifaqı ölkələri ilə müxtəlif təşkilatlar və beynəlxalq tədbirlər çərçivəsində münasibət qurmuşuq. Bundan sonra isə artıq birbaşa münasibətlər yaratmaq üçün daha çox imkanlarımız olacaq.

1963-cü ildə Afrika Birliyi Təşkilatı adı ilə yaradılan bu qurum 2002-ci ildən bəri Afrika İttifaqı təşkilatı adlanır. Afrika İttifaqı dünyada önəmli yer tutan, yeni bazar, yeni imkanlar və yeni münasibətlər baxımından perspektivlərə malik bir təşkilatdır. Afrika İttifaqına daxil olan ölkələrin hamısı bizim də yer aldığımız Qoşulmamaq Hərəkatının üzvləridir, 20-dən artıq ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bir sıra beynəlxalq təşkilatlarda ortaq qərarların qəbul olunmasında yaxından iştirak edir. Azərbaycan sürətlə inkişaf etməkdə olan ölkələrdəndir və Afrika İttifaqı ölkələri ilə daha da yaxınlaşmağa çalışır. Azərbaycan dünyada nüfuzu sürətlə artan bir uğurlu ölkə kimi Afrika İttifaqı ölkələri üçün böyük maraq kəsb edir.

Ölkəmiz istər mədəni sahədə, istər parlamentlərarası əlaqələr baxımından iqtisadiyyatın bir çox sahələrində yeni tərəfdaşlar qazanmağa, onlarla işləməyə hazırdır. Afrika İttifaqı ölkələrində geniş imkanlar var, Azərbaycan bu imkanları dəyərləndirir. Xüsusən də Afrika ölkələrində istər turizmin inkişafı, istərsə də ərzaq məhsullarının istehsalı və satışı üçün geniş perspektivlər mövcudur. Bir qədər bəsit desək, Afrika investisiya üçün böyük bazar sayıla bilər. Bu “bazar”da Azərbaycan sərmayesinin yer tutması mümkündür.

Təbii ki, bu ölkələrin hər hansı birində müəyyən problemlər olduqda, biz də müəyyən qədər yardım etməyə çalışmışıq. Somalidə dəhşətli quraqlıq hökm sürən zamanda Azərbaycandan 100 min manat dəyərində humanitar yardım göndərildi. Biz həmçinin Afrika İttifaqı təşkilatına yardım etdik. Eyni zamanda ölkəmiz BMT-nin humanitar missiyalarında iştirak edir, yardımlar göstərir. Bundan sonra da dost münasibətlərin inkişafı üçün müxtəlif addımlar atmağı düşünürük.

- Səfir kimi Azərbaycanın istər Efiopiya, istərsə də digər Afrika ölkələri ilə münasibətlərinin inkişafı üçün hansı işlər görmək fikrindəsiniz?

- Bizim iki missiyamız var. Birincisi, Efiopiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ikincisi isə Afrika İttifaqı ilə institusional əməkdaşlığın formalaşması və inkişafıdır. Səbəb və məqsədlər barədə danışdım, perspektivlər haqqında da söz açdım. Düşünürəm ki, əvvəl Efiopiyanın mədəniyyəti, siyasi mühiti və iqtisadiyyatı ilə əyani şəkildə və daha yaxından tanış olduqdan sonra dəqiq təkliflərlə çıxış edə bilərəm.

Dediyim kimi, istər Efiopiya, istərsə də Afrikanın digər ölkələri geniş imkanlara malikdir. Hər halda, səfir və daimi nümayəndə olacağım müddətdə bu imkanları araşdırmaq, bu və digər ölkələrin potensialı ilə yaxından tanış olmaq, milli maraqlarımıza uyğun şəkildə siyasi və diplomatik münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Efiopiyadakı səfirliyimiz Afrika İttifaqında fəaliyyət göstərən üçüncü diplomatik nümayəndəliyimiz olub. Hazırda Cənubi Afrika Respublikası və Misirdə səfirliyimiz fəaliyyət göstərir. Liviyadakı səfirliyimiz isə oradakı mövcud vəziyyətlə əlaqədar təxliyə olunub.

Bir daha vurğulayım ki, Efiopiyada geniş imkanlar var və səfir olduğum müddətdə bu imkanlardan Azərbaycanın yararlanması üçün səylər göstərmək fikrindəyəm. Lakin ən əsası Azərbaycan həqiqətlərinin Efiopiya və Afrika İttifaqı ölkələrində tanıdılması, siyasətçilərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı düzgün və dolğun məlumatların olmasına çalışacağam. Azərbaycanın hazırda yeritdiyi diplomatik kursun prioriteti də budur: hədəfimiz Dağlıq Qarabağ münaqişəsi barədə yerli cəmiyyətləri dolğun məlumatlandırmaq və haqlı mövqeyimizi ifadə edərək dostlar qazanmaqdır.

- Efiopiya zəngin tarixə və mədəniyyətə malik ölkə olsa da, XX əsrdə bir çox Afrika ölkəsi kimi vətəndaş müharibələrinin meydanına çevrilib. Hazırda bu ölkənin turizm və iqtisadiyyatının inkişafı hansı səviyyədədir?

- Qeyd edim ki, tək bizim cəmiyyətdə yox, bütün dünyada Afrika ölkələri ilə bağlı məlumat və təsəvvür reallığa tam uyğun səviyyədə deyil. Son illər vətəndaşlıq müharibəsi gedən bölgələrin sayı azalıb və artıq bir sıra ölkələr sabit inkişaf yoluna qədəm qoymağa çalışır. O cümlədən Efiopiyada və paytaxt Əddis-Əbəbəda dirçəliş müşahidə olunur. Əddis-Əbəbənı “Afrikanın Brüsseli” adlandırırlar. Bu şəhər həm regionun siyasi-diplomatik mərkəzi, həm də iş adamlarının və turistlərin ən çox müraciət etdiyi yerlərdən biri sayılır. İqtisadiyyatın müxtəlif sahələrində yeni imkanlar yaradılır, xarici investisiya cəlb olunur və yeni layihələr gerçəkləşdirilir. Təbii ki, Azərbaycanla da əməkdaşlığa qarşı tərəfdə böyük maraq var və bu da Azərbaycanın real tərəfdaş potensialına malik olmasından irəli gəlir.

- Efiopiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı? Bu ölkədə Qarabağ həqiqətlərinin tanıdılması üçün hansı addımlar atmaq olar?

- BMT-nin bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Efiopiya ilə ikitərəfli münasibətlərimiz hələ təzə formalaşmaqdadır, ona görə də əsas hədəfimiz bu istiqamətdə Efiopiya rəsmiləri, siyasi və ictimai xadimlər, parlament üzvləri ilə görüşərək onlara Azərbaycan həqiqətləri barədə məlumat vermək olacaq. Ölkə parlamenti miqyasında Qarabağ məsələsi ilə bağlı görüşlər keçirsək, hər hansı müvafiq sənəd qəbul edilməsinə, mövqe bildirilməsinə nail olsaq, bizim diplomatik uğurumuz olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR