Gülağa Aslanlı: “Niyazi Mehdi yaddan çıxarır ki, axırıncı qurultayda Məclis üzvlüyünə seçilməyib”

Gülağa Aslanlı: “Niyazi Mehdi yaddan çıxarır ki, axırıncı qurultayda Məclis üzvlüyünə seçilməyib”
# 12 avqust 2014 14:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Professor Niyazi Mehdi partiya sıralarından istefa verməsinin səbəbini açıqlayıb.

N. Mehdi APA-ya açıqlamasında Müsavat Partiyasından istefa verməsinin səbəbinin “siyasətdən soyuması” olduğunu söyləyib.

N. Mehdi deyib ki, 2003-cü ildən partiyanın həyatında iştirak etməyi, partiya qərargahına getməyib: “Fikirləşirəm ki, partiya həyatında iştirak etmirəmsə, partiyaya gedib gəlmirəmsə, partiyada qalmağıma nə ehtiyac var. 2003-cü ildən partiyaya getmirəm, oradakı durumdan da xəbərim yoxdur. 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və Divan üzvü olmuşam. Sonra da Məclis üzvü seçilmişəm, ancaq partiyaya getməmişəm. Qaydaya görə, 3-4 dəfə iclasda iştirak etməyən Məclis üzvlüyündən çıxarılmalıdır, məni Məclis üzvlüyündən çıxarıb-çıxarmadıqlarından da xəbərim yoxdur. Partiyadan çıxmağımla bağlı ərizə ilə müraciət etməmişəm, mətbuat vasitəsi ilə partiyadan çıxdığımı bəyan edirəm”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, N. Mehdi yaddan çıxarır ki, axırıncı qurultayda Məclis üzvlüyünə seçilməyib: “Sadəcə, 2003-cü ildən fəaliyyətini zəiflədib, əlaqə saxlamayıb, indi də ona görə partiyadan istefa verdiyini bəyan edir. Qərarına hörmətlə yanaşırıq. Niyazi Mehdi xeyli müddət Müsavat Partiyanın sıralarında olub, partiya üçün xeyli xidmət göstərib. İstefa verməsi də normal haldır, partiyada xüsusi bir ajiotaj yaratmayıb. Onsuz da son 10 ildə partiya ilə əlaqəsi olmayıb. İstefanın motivi barədə əlavə söz deyə bilmərəm. Çünki Müsavat Partiyasının Niyazi Mehdiyə qarşı xüsusi planı olmayıb, nə də o, ötən dövr ərzində partiyaya qarşı hər hansı hərəkət etməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR