Bu il 3 286 sahibkara 234,2 mln. manat güzəştli kreditlər verilib

Bu il 3 286 sahibkara 234,2 mln. manat güzəştli kreditlər verilib
# 20 sentyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Tərtər rayonunun Seydimli kəndində keçirilmiş “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 527 min manat dövlətin güzəştli krediti verilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Tərtər rayonunda prioritet hesab olunan kiçik və orta həcmli çörək və şirniyyat məhsulları istehsalı müəssisəsinin, cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Tərtər rayonunda görülən işlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, eləcə də məqsədli dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti barədə məlumat veriblər.

Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3 286 investisiya layihəsinin maliyyələşdirilməsinə 234,2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 9 700-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 752 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,2 mln. manat güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlər 1 800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

Tədbirdə sahibkarları maraqlandıran suallar da cavablandırılıb. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Tərtər rayonundakı müasir soyuducu anbar kompleksinin fəaliyyətinə də baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR