Azərbaycan paytaxtında avtomobil sıxlığının aradan qaldırılması üçün 3 000 km yeni yol çəkilməlidir

Azərbaycan paytaxtında avtomobil sıxlığının aradan qaldırılması üçün 3 000 km yeni yol çəkilməlidir
# 14 iyun 2014 11:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Bakıda əhalinin sıxlığı nəqliyyatın da əsasən paytaxtda cəmləşməsinə səbəb olub. Bu gün ölkədə mövcud olan təxminən 1 milyon 300 min nəqliyyat vasitəsinin 730 minə yaxını Bakının payına düşür”.

Bunu “APA-Economics”ə “Azəryolservis” ASC-nin şöbə rəisi Hidayət Rüstəmov deyib.

Yolların sıxlığı anlayışı haqda danışan H. Rüstəmov deyib ki, sıxlıq yolun uzunluğunun şəhərin sahəsinə olan nisbətidir.

“Yəni şəhərin hər kvadrat kilometr sahəsinə neçə km yol düşür. Bakıda bu rəqəm 0,72-dir. Halbuki inkişaf etmiş ölkələrdə, əhali sayı milyonlarla olan şəhərlərdə norma üzrə bu rəqəm 2,2 -2,4 olmalıdır. Deməli, biz ən azı 2,2 rəqəminə çatmaq üçün 3 000 km-ə yaxın yeni yol çəkməliyik. Odur ki, Bakıda bu gün belə gərgin şərait yaranıb”, - deyə H. Rüstəmov qeyd edib.

Şöbə rəisi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatlarına istinadla bildirib ki, gün ərzində ölkənin əsas magistrallarında 74-135 min arasında avtomobil hərəkət edir.

H. Rüstəmov paytaxtın mərkəzində yaranan avtomobil tıxaclarının qarşısının alınması üçün Bakının Baş Planında Xəzər dənizinin dibi ilə Neftçilər prospekti boyunca yeraltı tunel çəkilməsinin təklif edildiyini deyib.

O bildirib ki, dənizin dibi ilə tunel Bakı Dairəvi Avtomobil yolunu birləşdirərək, avtomobillərin Bakının mərkəzinə girmədən şimal və cənub istiqamətindən şəhərin şərq və qərb istiqamətdə hərəkətinə imkan verəcək.

“Bakı körfəzi dəniz körpüsü” və ya dənizin dibi ilə tunelin çəkilməsi layihələrinin hansının qəbul edilməsindən asılı olmayaraq, layihə sıxlığın aradan qaldırılmasına yardım edəcək”, - deyə H. Rüstəmov bildirib.

Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Bakı körfəzi dəniz körpüsü” layihəsi ilə razılaşmır. Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “APA-Economics”ə bildirib ki, ilk növbədə “Xəzri” küləyi “Bakı körfəzi dəniz körpüsü”ndə avtomobillərin daimi hərəkətinə imkan vermir: “Bundan başqa, Bakı buxtasının görünüşü itəcək. Eyni zamanda, yeraltı tunelin tikintisi daha az vəsait tələb edir. Yeraltı tunelin təxminən 0,9 kilometrlik hissəsi yerin üstünə çıxacaq. Bu isə dəniz limanından Nobel prospekti istiqamətində tikiləcək. Tunel Bayılda “Bəhramgur” abidəsindən bir neçə yüz metr əvvəl başlamalı və Dəniz Vağzalının köhnə binasınadək davam etməlidir. Tunelin bulvarın kənarına birləşdirilməsi, üstünün torpaqla örtülməsi bulvarın da eninin 20-30 metr artmasına səbəb olacaq. Körpüdən fərqli olaraq, tunelin uzunluğunun təxminən 3,6 km olması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR