Azərbaycanda torpaqlar sürətlə şoranlaşır

Azərbaycanda torpaqlar sürətlə şoranlaşır
# 04 noyabr 2013 08:02 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Azərbaycanda torpaqların sürətlə şoranlaşması müşahidə olunur. Bu barədə APA-nın Qarabağ bürosuna Ağcabədidə fəaliyyət göstərən “Aqro” İnformasiya Mərkəzinin (AİM) əməkdaşları bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, artıq bu sahədə həyəcan təbili çalmaq lazımdır. Mərkəzin əməkdaşı İsa Zeynalov bildirir ki, kənd təsərrüfatının inkişafı sürətləndikcə, torpaqlardan istifadə intensivləşir. Amma onun münbitliyini qoruyub saxlamaq üçün lazım olan tədbirlər yerinə yetirilmir: “Azərbaycanda son illər kənd təsərrüfatına diqqət artıb. Kəndliyə öz torpaqlarını əkib becərmək üçün şərait yaradılır. Bu istiqamətdə dövlət tərəfindən vaxtaşırı proqramlar həyata keçirilir. Amma bütün bunlara rəğmən, torpağın özünün münbitliyi, bərəkətliyi aşağı düşür”.

AİM mütəxəssislərinin apardığı araşdırmalara görə, torpağın məhsuldarlıq dərəcəsi ildən-ilə azalır. Bunun səbəbləri isə çoxşaxəlidir. AİM-in su, torpaq və yem bitkiləri laboratoriyasının baş laborantı Məhərrəm Haqverdiyev deyir ki, son illər Azərbaycanda torpağın kalium ehtiyatları sürətlə azalır. Əvəzində isə torpağa itirilmiş münbitliyin müqabilində qaydalara uyğun xidmət göstərilmir: “Bizim analizlərin nəticəsindən məlum olur ki, son illər torpaqda baş verən əsas proseslərdən biri sürətlə yayılan şoranlaşmadır. Analizlərin nəticəsində müəyyən olunub ki, şoranlaşma və erroziyaya təbiətin özündə baş verən proseslərlə yanaşı, əkinçilərin öz torpaqlarını düzgün suvarmaması, onun üzvi və qeyri-üzvi gübrələrlə aqrotexniki qaydada təmin edilməməsidir. Əkindən əvvəl və ya məhsul yığımı sonrası torpağın aqrotexniki qaydada qidalandırılmaması onun yarasız hala düşməsi ilə nəticələnir”.

Ən ağrılı məsələlərdən biri də ölkədə kənd təsərrüfatı mütəxəssislərinin azlığıdır. İndi bu sahədə çalışan ixtisaslı kadrlar çatışmazlıq təşkil edir. Məhsul yığımından sonra əkin sahələrinin, otlaqların yandırılmasını torpağa vurulan böyük zərbə kimi qiymətləndirən mütəxəssislər deyirlər ki, ötən əsrin ortalarına qədər torpağın üz qatının münbitliyini bərpa etmək üçün orta hesabla 150 il lazım idisə, indi bu göstərici 300 ilə bərabərdir. Bu isə torpağa düzgün münasibət bəsləməməyin nəticəsində meydana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR