ATƏT PA-nın komitəsində işgəncə hallarına qarşı mübarizəyə dair qətnamə qəbul edilib

ATƏT PA-nın komitəsində işgəncə hallarına qarşı mübarizəyə dair qətnamə qəbul edilib
# 01 iyul 2014 07:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin toplantısında İsveçrədən olan deputat Kristin Eqeserqi-Obristin müəllifi olduğu “İşgəncələrlə mübarizə” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qətnamə layihəsində ATƏT-ə üzv ölkələr işgəncə və insan ləyaqətini alçaldan digər davranışlara son qoymaqla bağlı qadağaya riayət etməyə çağırılır.

Sənəddə BMT-nin İşgəncə və insan ləyaqətini alçaldan davranış və cəzalarla bağlı Konvensiyasının Fakültativ Protokoluna qoşulmayan ATƏT-ə üzv ölkələr Fakültativ Protokola qoşulmağa dəvət edilir. Eyni zamanda ATƏT-ə üzv ölkələr həbs yerlərində müstəqil monitorinqlərin keçirilməsini təmin etməyə çağırılır. Dövlətlərin vətəndaş cəmiyyəti institutlarının işgəncə hallarına qarşı mübarizə sahəsində rollarını qəbul etməsi tövsiyə olunur. ATƏT PA-nın Bürosuna ATƏT regionunda işgəncələrlə bağlı təsdiqlənmiş məlumatları toplamaq və bu məlumatları dərc etmək təklif edilir.

Rusiya nümayəndə heyətinin məlumatların ATƏT-ə üzv dövlətlərin icazəsi ilə dərc edilməsi barədə qətnamə layihəsinə düzəlişi qəbul olunmayıb.

Müzakirələrdən sonra qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR