Qəbələ rayon Məhkəməsi üçün tikilən yeni binanın təməlqoyma mərasimi keçirilib

Qəbələ rayon Məhkəməsi üçün tikilən yeni binanın təməlqoyma mərasimi keçirilib
# 24 yanvar 2014 14:53 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Yanvarın 24-də Qəbələ rayon Məhkəməsi üçün tikilən müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib. APA-nın məlumatına görə mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Britaniya Krallığının prokuroru xanım Elizabet Hou, habelə bölgənin hakimləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər. Ümumi sahəsi 1344 kvadratmetr olacaq iki mərtəbəli yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Qəbələ rayon Məhkəməsinin və ölkənin digər yeni məhkəmə binalarını əks etdirən foto stendlərlə tanış olublar. Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat verib, bu sahədə Dünya Bankı ilə birgə dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyini və yeni komplekslərin inşasını vurğulayıb.

Nazir, həmçinin son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, Yeni il ərəfəsində hakimlərin əmək haqlarının artırıldığını qeyd edib. O, bildirib ki, Qəbələ rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, ədalət mühakiməsinin işini daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcək. Sonda binanın təməli qoyulub, Qəbələ rayon Məhkəməsinə yeni xidməti avtomobil təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR