İranla AEBA arasında Ərak ağır su nüvə reaktoruna texniki baxış keçirilməsi barədə razılıq əldə olunub

İranla AEBA arasında Ərak ağır su nüvə reaktoruna texniki baxış keçirilməsi barədə razılıq əldə olunub
# 06 may 2014 09:20 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoruna texniki baxış keçirəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı mayın 5-də Tehranda AEBA müfəttişləri ilə İran Atom Enerjisi Təşkilatının rəsmiləri arasında baş tutmuş müzakirələrdə razılıq əldə olunub.

Qeyd edək ki, AEBA rəsmisi Massimo Aparonun rəhbərlik etdiyi üç nəfərlik nümayəndə heyəti mayın 4-dən İranda səfərdədir. Səfərdə məqsəd İranla AEBA arasında imzalanmış 7 maddəlik anlaşma çərçivəsində Yəzd şəhərindəki Sağənd uran mədəni və Ərdəkan kondensasiya zavoduna texniki baxış keçirməkdir. Artıq razılaşma mətnində yer almış müddəalardan biri olan Ləşkərabad Lazer Mərkəzinə texniki baxış olub. Eyni zamanda səfər çərçivəsində Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoru barədə informasiyanın təqdim edilməsi, AEBA ilə birgə İR-40 ağır su nüvə reaktoru üçün mühafizə tədbirlərinin razılaşdırılması və nüvə materiallarının idxal-ixracına dair məlumatın təmin edilməsi kimi addımların da icrası ilə fevralın 8-9-da Tehranda tərəflər arasında 7 məsələ ilə bağlı əldə olunmuş razılaşma yerinə yetiriləcək. Əgər hansısa problem yaranarsa, növbəti müzakirələrdə aradan qaldırılmağa çalışılacaq. AEBA müfəttişləri mayın 6-da Tehranı tərk edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR