AEBA Cenevrə razılaşmasının icrası üçün 6 mln. avro maliyyə yardımı istəyib

AEBA Cenevrə razılaşmasının icrası üçün 6 mln. avro maliyyə yardımı istəyib
# 18 yanvar 2014 16:12 (UTC +04:00)
Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ötən il noyabrın 24-də İranla «altılıq» ölkələri arasında nüvə sahəsində əldə olunmuş Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramının icrası üçün maliyyə yardımı istəyib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu vəsaitin miqdarı 6 mln. avrodur. AEBA quruma üzv ölkələrə ünvanladığı gizli məktubunda bildirib ki, Agentliyin İranda bu ölkənin öhdəliklərinə bağlı qaldığını təsdiqləmək üçün hazırda bu ölkədə gördüyü işlərdən fərqli fəaliyyət həyata keçirməsi lazım olacaq.

Bundan əlavə, AEBA yanvarın 17-də Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramının icrası ilə bağlı İranın nüvə fəaliyyətinə nəzarət və yoxlama barədə hesabat yayıb. Sənəddə bildirilir ki, Agentlik Cenevrə razılaşmasının icrasına nəzarət etmək və İranın nüvə fəaliyyətini yoxlamaq üçün məsul qurum təyin edilib: «AEBA Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramını müsbət qarşılayır. İran uzunmüddətli həll yoluna çatmağa doğru ilk addımın birinci mərhələsində 6 ay müddətində öz nüvə fəaliyyəti ilə əlaqədar bir sıra könüllü addımları (qısamüddətli addımlar) yerinə yetirəcəyi ilə bağlı öhdəlik götürür. Agentlik həmçinin qurumun Direktorlar Şurasının bu il yanvarın 24-də yığıncağının keçirilməsini istəyib. Burada məqsəd həmin planda AEBA-nın İranın nüvə məsələsi ilə bağlı addımlarla əlaqədar əksini tapmış nəzarət və yoxlamalar barədə Şura ilə məsləhətləşmələr aparmaqdır».

Qeyd edək ki, İranla «altılıq» ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Proqramı yanvarın 20-də icraya yönəldiləcək. Bununla bağlı bu gün səhər saatlarında AEBA-nın icraçı direktorunun müavini Massimo Aparonun rəhbərliyi altında beynəlxalq müfəttişlər İrana gəliblər. Səfərdə məqsəd İranın Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramını necə həyata keçirəcəyinə nəzarət etmək və bununla bağlı Agentliyə hesabat hazırlayıb təqdim etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR