Tural Abbaslı: “Partiyadan və Gənclər Təşkilatından çıxarılanların əksəriyyəti məni dəstəkləyənlərdir, belə olmaz”

Tural Abbaslı: “Partiyadan və Gənclər Təşkilatından çıxarılanların əksəriyyəti məni dəstəkləyənlərdir, belə olmaz”
# 15 fevral 2014 08:12 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü, partiyanın Gənclər Təşkilatının sabiq sədri Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, qalib tərəf seçkilərdə onlarla rəqabət aparmış gəncləri müxtəlif bəhanələrlə təşkilatdan uzaqlaşdırır. Onun sözlərinə görə, indiyə qədər 2 gənc partiyadan, 6 gənc Gənclər Təşkilatından çıxarılıb: “Partiyadan çıxarılan Orxan Eyyubzadə və Samir Poladov kifayət qədər fədakar gənclərdir”.

Qeyd edək ki, Gənclər Təşkilatından çıxarılan Cavanşir Abbaslı çıxarılan gənclərin hamısının R. Hacıbəyli ilə yanaşı, Tural Abbaslının da tərəfdarı olduqlarını, əsas məqsədin də Müsavat Partiyasının başqanlığına iddialı T. Abbaslının mövqelərini zəiflətmək olduğunu bəyan edib.

T. Abbaslı da APA-ya açıqlamasında bunun təsadüfi olmadığını bildirib: “Siyasətdə təsadüfi heç nə olmur. Hazırda əlimdə bununla bağlı konkret faktlar yoxdur ki, həmin gənclərin çıxarılması məhz mənim başqanlığa iddialı olmağımla bağlıdır. Bununla belə, bəzi şübhələr var. Çox güman ki, Divanda və partiyanın digər rəhbər orqanlarında bu məsələ geniş müzakirə olunacaq, problemin həlli istiqamətində addım atılacaq. Belə olmaz. O da doğrudur ki, çıxarılanların əksəriyyəti məni dəstəkləyən, bizimlə birgə olan gənclərdir. Məsələ araşdırılacaq, elə bir şey varsa, müvafiq qərarlar veriləcək. Gələn həftə Divanın iclasında bu məsələni qaldıracağam. İstənilən problemin həlli istiqamətində Divanın səyləri olmalıdır. Üstəlik, bu problem strateji qurumlardan olan Gənclər Təşkilatı ilə bağlıdır və mütləq müzakirə olunmalıdır”.

T. Abbaslı baş verən proseslərin arxasında kimin dayanması ilə bağlı auala isə belə cavab verib: “Bu məsələlər araşdırılmadan, sübuta yetirilmədən hər hansı şəxsi, yaxud hər hansı qurumu ittiham etmək etik baxımdan düzgün deyil. Məsələ araşdırılacaq. Ola bilər, sübut edilsin ki, Gənclər Təşkilatında atılan addımlar gənclərin özlərinin təşəbbüsüdür, yaxud ortaya başqa adlar çıxsın. Araşdırılana qədər konkret heç kimi ittiham edə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR