DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5% artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5% artıb
# 17 iyun 2014 12:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,6% artıb. DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, bu, iyunun 1-nə olan statistikadır.

Hesabat dövründə əlavə olaraq 792 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il iyunun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 893 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil edir.

Ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (10 283 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 950 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 947 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (577), Hindistan (436), Çin Xalq Respublikası (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (273), Özbəkistan (210) Banqladeş Xalq Respublikası (194), Ukrayna (165), Pakistan İslam Respublikası (163), Almaniya Federativ Respublikası (161), Filippin Respublikası (136), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (128), Türkmənistan Respublikası (127), İtaliya Respublikası (120), ABŞ (118) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR