«Şəffaflıq Azərbaycan» təşkilatı ötən il dövlət qurumlarına verdiyi tövsiyələrin icrası ilə bağlı hesabatını açıqlayıb

«Şəffaflıq Azərbaycan» təşkilatı ötən il dövlət qurumlarına verdiyi tövsiyələrin icrası ilə bağlı hesabatını açıqlayıb
# 24 yanvar 2014 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 2013-cü il ərzində dörd dövlət qurumuna təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatını ictimaiyyətə təqdim edib.


«APA-Economics»in məlumatına görə, bu tövsiyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və «Bakıelektrikşəbəkə» ASC-yə təqdim edilib. Belə ki, ötən iki il ərzində adları çəkilən qurumlarla ayrı-ayrılıqda 4 dəyirmi masa keçirilib və tövsiyələr təqdim edilib.


Qurumun rəhbəri Rəna Səfərəliyeva bildirib ki, həmin qurumlar bu tövsiyələrin hazırlamasında sıx əməkdaşlıq edib. Onun sözlərinə görə, təqdim olunan hesabat «Şəffaflıq Azərbaycan» tərəfindən vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin göstərilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan 4 dövlət qurumuna ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmununu əhatə edir.


«Azərbaycan Şəffaflıq Tərəfdaşlığı» layihəsinin əlaqələndiricisi Kənan Qasımovun sözlərinə görə, bu sahələrdə ciddi irəliləyişin olmasına baxmayaraq, hələ də müəyyən çatışmazlıqlar var. Onun dediyinə görə, bu günə qədər bir çox sahələrdə vətəndaşlardan hələ də müxtəlif bəhanələrlə pul tələb olunur: «Bizim hesabatda və tövsiyələrdə bütün bunlar öz əksini tapıb. Bundan başqa, tövsiyələrdə vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılması və yuxarı instansiyalara təqdim edilməsinin sadələşdirilməsi tələb olunurdu. Onlarla iş birliyindən sonra bu sahədə müəyyən irəliləyişlər var».


K.Qasımov bildirib ki, artıq dövlət qurumlarında «Qaynar xətlər»in yaradılması və onların fəaliyyətində irəliləyişlər var: «Ədliyyə Nazirliyinə tövsiyələrimiz notariat sahəsində rəqabətin təmin olunması ilə bağlı olub. Həmçinin, əmlakın qeydiyyata alınmasının sadələşdirilməsi ilə bağlı təklifimiz olub. Bu iki məsələ də artıq demək olar ki, həllini tapıb».


Onun sözlərinə görə, notariat sahəsi ilə bağlı verilən tövsiyələrdən biri yerinə yetirilməyib ki, bu da əhaliyə arxivdən müxtəlif notarial sənədlərin verilməsinə aiddir və elektron xidmətlərin hələ tam hazır olmaması ilə bağlıdır: «Daşınmaz əmlak sahəsində olduqca böyük süründürməçilik olub ki, bu da artıq aradan qaldırılıb. Məsələn, bəzən bir sənədi vətəndaş aylarla ala bilmirdisə, artıq bu vaxt müddəti 7 günə qədər azaldılıb. Əmlak Komitəsi elektron xidmət sahəsində böyük irəliləyiş əldə edib».


Qeyd edək ki, «Şəffaflıq Azərbaycan» təşkilatı tərəfindən icra olunan «Azərbaycan Şəffaflıq Tərəfdaşlığı» layihəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR