Bakıda Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyətinin (NERAS) I beynəlxalq konqresi keçirilir

Bakıda Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyətinin (NERAS) I beynəlxalq konqresi keçirilir
# 06 iyun 2014 15:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyətinin (NERAS) I beynəlxalq konqresi keçirilir. APA-nın xəbərinə görə, 2 gün davam edəcək konqresin təşkilatçıları “Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyəti” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur.

Tədbirdə çıxış edən ADHTİ-nun rektoru Nazim Qasımov Azərbaycanda səhiyyənin inkişafı sahəsində mühüm işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, ölkədə bu vaxta qədər 500-dən çox səhiyyə obyekti tikilərək istifadəyə verilib, yüzlərlə müəssisə əsaslı təmir olunur: “Ölkənin tibb sahəsi digər ölkələrlə də qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirilir. Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq daha da güclənib və mühüm tibbi layihələr həyata keçirilib. Son 10 ildə iki ölkənin səhiyyə sahəsi üzrə 13 konqres təşkil olunub. Bu gün keçirilən konqresin də əsas məqsədi tibb elminin qulaq-burun-boğaz sahəsindəki yeniliklərini müzakirə etmək və ölkədə bu sahənin inkişafına töhfə verməkdir”.

Türkiyə Qulaq-Burun-Boğaz Cəmiyyətinin sədri Metin Önerçi isə çıxışında Azərbaycanda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyəti 2011-ci ildə Ankarada yaradılıb və bu sahədə görülən işlərdə əsas istəkləri mövcud sahədə təhsilin təməlini möhkəmləndirməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov çıxışında Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər barədə danışıb. Onun sözlərinə görə, son 10 il ərzində digər cərrahiyyə sahələri ilə müqayisədə otorinolarinqologiya ən çox inkişaf etmiş sahədir. Bu sahənin inkişafı üçün digər ölkələrlə qarşılıqlı əməkdaşlığın aparılmasının vacib olduğunu deyən N.Hüseynov qeyd edib ki, belə konqreslərin də keçirilməsi buna müsbət təkan verir.

Qeyd edək ki, konqres sabah işini 6 panel və iclasla davam etdirəcək. İclaslarda Türkiyənin mütəxəssislərlə yanaşı yerli mütəxəssislər də müxtəlif məruzələrdə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR