Sərdar Cəlaloğlu: “Biz hökumətə siyasi dialoq təklif edirik”

Sərdar Cəlaloğlu: “Biz hökumətə siyasi dialoq təklif edirik”
# 28 yanvar 2013 14:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. ““Seçki islahatları Memorandumu”nu təqdim etməklə, əslində biz hökumətə siyasi dialoq təklif edirik. Həmin memorandumda nəzərdə tutulan məsələlərin həyata keçirilməsində iqtidarla əməkdaşlığa hazırıq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, ölkədə baş verən lokal hadisələrdən sonra “Seçki islahatları Memorandumu”nun gündəmə gətirilməsi təsadüfü deyil: “Biz müxalifət olaraq ölkədə hadisələrin inqilabi yolla getməsinin alternativini göstərir, seçkilərin demokratik keçirilməsinin vacibliyini vurğulayırıq. Belə hesab edirik ki, bu yolla gedilərsə qarşıdurmalar Azərbaycandan yan keçə biləcək. Əks halda, lokal qarşıdurmalar başqa məntəqələrdə də başlaya bilər ki, hakimiyyətin də bunun qarşısını almaq imkanı olmayacaq”.

S. Cəlaloğlu qeyd edib ki, hökumət dərhal memorandumla bağlı dialoqa gəlməli və müxalifətlə birlikdə yol xəritəsini hazırlamalıdır: “Əgər belə bir hal olarsa, biz iqtidarla bir yerdəyik. Onsuz da, Azərbaycan müxalifətində dialoqun əleyhinə olan qüvvə yoxdur. 2005-ci ildə Demokrat Partiyası ilk dəfə siyasi dialoq məsələsini gündəmə gətirəndə, müxalifət bizi satqın, xəyanətkar, öz mövqeyini bir partiya kimi dəyərləndirirdilərsə, çox şadam ki, bu gün siyasi ictimaiyyət danışıqlara hazır olması haqda bəyanat verir. Bu anı əldə buraxmaq olmaz. Bir azdan qüvvələr siyasi dialoqdan yayına bilərlər. Bu da Azərbaycana və ölkədəki siyasi qüvvələrə yaxşı heç nə vəd etmir”.

S. Cəlaloğlu qeyd edib ki, bəzi qüvvələr ölkədə baş verə biləcək çaxnaşmaların müxalifətin maraqlarına uyğun olması qənaətindədir. Əslində isə bu münaqişələr demokratik müxalifətin maraqlarına ziddir: “O yerdə çaxnaşma, silahlanma, qarşıdurma varsa, orada demokratik müxalifətin fəaliyyətinə yer yoxdur. Məsələn, biz bu gün də İsmayıllıda nə baş verdiyini hələ də müəyyənləşdirə bilmirik. Belə bir vəziyyətdə müxalifət bu cür hadisələrdən necə bəhrələnə bilər? Sadəcə, bəzilərinin siyasi şüur səviyyəsi aşağıdır. Bu da siyasi naşılığın əlamətidir. Amma Azərbaycan müxalifətində də sağlam insanlar var ki, onlar ölkənin inqilabi yollarla inkişafının təhlükəli olduğunu anlayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR