“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib
# 01 may 2015 08:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın Azərbaycandakı nümayəndəliyinin sədri Səftər Rəhimli deyib ki, ermənilər 1918-ci ildə Şimali Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımından öncə eyni addımı 1915-ci ildə Güney Azərbaycanda atıblar.

Onun sözlərinə görə, ermənilər Urmu və Salmasda evlərə vəhşicəsinə basqınlar edərək, dinc əhalini qətlə yetiriblər: “1915-ci ildə Petros adlı erməni komandanı quldur dəstəsi ilə birlikdə azərbaycanlılara basqın edib, Əsgərxan məhəlləsində qanlı faciələr törədib. 159 gün davam edən qırğınlar nəticəsində 150 min Azərbaycan türkü qətlə yetirilib. 1917-ci ildə isə erməni quldur dəstələri Urmiya və Xoy şəhərlərində qətliamlar törədiblər. Araşdırmalar göstərir ki, ümumilikdə Güney Azərbaycanda ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların sayı 300 min nəfər olub”.

DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi isə bildirib ki, ermənilər bizə qarşı törətdikləri soyqırımı siyasətini adımıza çıxarmağa çalışırlar: “Bu baxımdan ermənilərə qarşı bütöv Azərbaycan birləşməlidir”.

Öz növbəsində professor Paşa Qəlbinur qeyd edib ki, hamı səfərbər olub həqiqəti sübuta yetirməlidir: “Həqiqət isə çox uzaqdan gəlir. Çox uzağa getməsək belə, gözümüzün qarşısında olan Xocalı faciəsi və Qarabağda baş verənlər ermənilərin vəhşiliyinin sübutudur. Dünya görməlidir ki, millətimiz cinayətkar bir dövlətlə üz-üzədir və onlar bizə qarşı bütün çirkin üsullara əl atırlar”.

DAK-ın İdarə Heyətinin üzvü Əlyar Səfərli isə ermənilərə qarşı Güney Azərbaycanda böyük təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə digər çıxışlar da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR