Saakaşvili 2008-ci il avqust müharibəsini araşdıracaq istintaqla əməkdaşlıq etməyəcəyini bəyan edib

Saakaşvili 2008-ci il avqust müharibəsini araşdıracaq istintaqla əməkdaşlıq etməyəcəyini bəyan edib
# 12 aprel 2013 04:10 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili “2008-ci ilin avqustunda baş verən müharibənin səbəblərini araşdıracaq istintaqla əməkdaşlıq etməyə niyyəti yoxdur”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o Polşaya işgüzar səfəri zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, “bu istintaqın məqsədi Gürcüstanın dövlətçiliyini sarsıtmaqdır, o ölkənin ərazi bütövlüyünə yönəlib və Gürcüstanın düşməninin niyyətlərini sona çatdırmağa xidmət edir”. “Bu mənim üçün çox ağrılıdır, çünki mənə yox, Gürcüstanın gələcəyinə aiddir. Biz hamımız bu gələcəyi qorumalıyıq”, deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, aprelin 10-da Gürcüstanın baş naziri Bidzina İvanişvili bəyan edib ki, “o vaxtkı hakimiyyət prezident başda olmaqla 2008-ci ilin avqustunda heç də adekvat addım atmayıblar”. “O zaman münaqişə zonasında atəşi qeyri-müəyyən silahlı birləşmələr açıb, buna cavab olaraq, Gürcüstan hakimiyyəti və prezidenti tərəfindən beynəlxalq müşahidəçilərin dəvət olunması daha adekvat addım olardı və proses elə o səviyyədə də yekunlaşacaqdı”, deyə hökumət başçısı qeyd edib.

Aprelin 8-də ədliyyə naziri Teya Tsulukiani bəyan edib ki, “Baş prokurorluqda keçmiş hakimiyyət tərəfindən 2008-ci il hadisələrin istintaqına dair bütün materiallar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR