MDB ölkələri arasında onkoloji xəstəliklərə dair videokörpü keçirilib

MDB ölkələri arasında onkoloji xəstəliklərə dair videokörpü keçirilib
# 30 yanvar 2013 11:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Moskva-Kiyev-Kişinyov-Bakı-Astana-Tiflis-İrəvan arasında “Xərçəng xəstəliyi: ölümcül xəstəliyə necə qalib gəlmək olar” mövzusunda videokörpü keçirilib.

APA-nın xəbərinə görə, videokörpü 4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində MDB ölkələrində bu xəstəliyə dair vəziyyəti müzakirə etmək məqsədilə keçirilir.


N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini Mixail Liçiniser bildirib ki, Rusiyada onkoloji xəstəliklərin ilkin diaqnostikasında əlçatanlıq aşağı səviyyədədir: “Bu, hələlik problem olaraq qalır. Biz onkoloji yardımın göstərilməsi sistemini dəyişməliyik”. O, onkoloji xəstələrlə bağlı Rusiyada real statistikanın olmadığını və ümumilikdə MDB ölkələrində onkoloji xəstəliklərlə mübarizənin aşağı səviyyədə olduğunu bildirib.


Astana şəhərinin baş onkoloqu Muxtar Tuleutayev isə bildirib ki, hazırda Qazaxıstanda onkoloji xəstələr dərman vasitələri ilə 100 faiz təmin olunur. Onun sözlərinə görə, 2012-ci il Qazaxıstanda onkoloji xəstəliklərlə mübarizə ili elan olunub. Bu il çərçivəsində onkoloji xəstəliklərin müəyyən olunması üçün dövlət tərəfindən böyük həcmli vəsaitlər ayrılıb.


Ermənistan Milli Onkoloji Mərkəzinin direktor müavini Qaqik Bazikyan isə qeyd edib ki, Ermənistanda onkoloqların sayı azdır: “Əsas məsuliyyət xəstəliyi ilkin müayinə edən həkimlərin üzərinə düşür. Həkimlər isə qısa onkoloji kurs keçiblər və o qədər də məlumatlı deyillər. Ermənistanda onkoloji xəstələrin dispanzerizasiyası aparılmır. Hazırda Ermənistan dövlətinin buna imkanı yoxdur”. Q.Bazikyan Ermənistanda daha çox süd vəzisi xərçənginin qeydə alındığını və xəstələrin onkoloqa müraciət etməyə qorxduqlarını deyib.


Azərbaycanın baş onkoloqu Azad Kərimli isə bildirib ki, Azərbaycanda onkoloji xəstələrə yardım haqqında fərman mövcuddur, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin yeni korpusları istifadəyə verilib. Bu, ölkədə xəstəliyə qarşı mübarizəni daha da gücləndirib. Hazırda Azərbaycanın rayonlarında 7 onkoloji dispanser fəaliyyət göstərir: “Əgər bu gün süd vəzisi xərçəngi olan qadın xəstəliyin 3-4-cü mərhələsində müraciət edirsə, bunun günahı onkoloqda yox, sahə həkimlərindədir. Əsas çətinlik xəstəliyin vaxtında aşkar olunmasıdır. Bununla bağlı Mərkəzdə səyyar diaqnostik kompleks mövcuddur. Həmin kompleksin köməyi ilə Azərbaycanın bütün rayonlarında profilaktik baxışlar keçiririk. May ayından sentyabr ayına qədər 10 rayonda baxışlar keçirmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR