Türkiyənin 947 vətəndaşı Azərbaycandakı səfirlik və konsulluqlarda səs verib

Türkiyənin 947 vətəndaşı Azərbaycandakı səfirlik və konsulluqlarda səs verib
# 04 avqust 2014 14:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirlik və konsulluqlarında səsvermə keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səsvermə avqustun 3-də saat 08:00-dan 17:00-dək Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvandakı konsulluqlarda baş tutub.

Səsvermədə yalnız iyulun 9-na qədər Türkiyə Yüksək Seçim Kurulunun “ysk.gov.tr” saytında qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları iştirak edə biliblər. Azərbaycanda yaşayan 15 min Türkiyə vətəndaşından 6305 nəfərin seçkilərdə iştirakı gözlənilirdi, lakin ümumilikdə 947 nəfər səsverməyə gəlib.

Bakıda 838, Gəncədə 56, Naxçıvanda isə 53 Türkiyə vətəndaşı səs verib. Bülletenlər Türkiyəyə göndərilib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. Seçki ikinci tura qalarsa, dövlət başçısı avqustun 24-də müəyyənləşəcək. Xaricdə olan Türkiyə seçiciləri üçün isə bu tarix müvafiq olaraq 31 iyul-3 avqust və 17-20 avqust olaraq nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR