Prezident İlham Əliyev: "Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcək"

Prezident İlham Əliyev: "Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcək"
# 02 fevral 2013 22:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan prezidenti İlham Əliyev yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, idman obyektləri hazır olmalıdır: "Keçiriləcək oyunların yerləri də artıq bəllidir. Ancaq tikilməkdə olan obyektlər də vaxtında istifadəyə verilməlidir. Onların arasında əlbəttə ki, ilk növbədə, Olimpiya Stadionu, - artıq orada işlər başlanıb, - Gimnastika Mərkəzi, - işlər görülür və artıq daş işləri başa çatıb, - və Su İdmanı Növləri Sarayının tikintisi də artıq başlanıb və əminəm ki, inşası vaxtında bitəcək. Çünki bu da çox vacib bir qurğudur. Təkcə oyunların keçirilməsi üçün yox, eyni zamanda, Bakı şəhərində müasir Su İdmanı Növləri Sarayının tikilməsi çox lazımdır. Bu qərar bir neçə il bundan əvvəl verilib. Hələ Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar yox idi, biz artıq bu işlərə başlamışdıq, layihə hazırlanmışdı, seçiləcək yerlər haqqında fikir mübadiləsi aparılırdı. Nəhayət, Bakının inkişafı üçün hazırlanan Bayraq Meydanından sonrakı ərazidə Su İdmanı Növləri Sarayı tikiləcək. Hesab edirəm ki, bu, ən məqbul yerdir. Çünki su idmanı növləri üçün nəzərdə tutulan saray dəniz kənarında tikilməli idi. Əminəm ki, bu, memarlıq baxımından və funksional cəhətləri ilə seçiləcək bir saray olacaq”.


Prezident İlham Əliyev idman obyektlərinin istifadəyə verilməsinin başlıca şərt olduğunu qeyd edib: “Bilirəm ki, idmançıların yerləşdirilməsi ilə bağlı indi Təşkilat Komitəsi müzakirələr aparır. Bir neçə fikir vardır. Əlbəttə ki, Azərbaycan dövləti atletlər üçün yaşayış yerlərini tikə bilər. Ancaq baxmaq lazımdır ki, bəlkə mövcud olan, artıq tikilən binalardan da biz istifadə edə bilərik”. Prezident qeyd edib ki, qonaqların yerləşdirilməsi ilə bağlı təkliflər Avropa Olimpiya Komitəsinə təqdim edilərkən bu məsələ də öz əksini tapıb.

İlham Əliyev bundan başqa yeni otellərin tikintisi üçün tədbirlərin görülməsinin vacibliyinə də toxunub. O qeyd edib ki, Yay Olimpiya Oyunları üçün ev sahibliyi ilə bağlı təqdim edilən sənədlərdə məhz Bakıda otel yerlərinin çatışmazlığı məsələsi Azərbaycanın iddiasının nəticə ilə yekunlaşmasına əngəl törətdi. “Yəni, o vaxt mən xatırlayıram, Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupu bizə olan iradların arasında otel nömrələrinin az olmasını qeyd etmişdi. Ona görə əlbəttə ki, biz çalışmalıyıq və xüsusilə əlbəttə, özəl sektorda fəaliyyət göstərən turizm, tikinti şirkətləri çalışmalıdırlar ki, əlavə otellərin, yeni otellərin tikintisi üçün tədbirlər görülsün”. Dövlət başçısı Şəhər İcra Hakimiyyətinə və digər müvafiq qurumlara yerlərin seçilməsi ilə bağlı təkliflərin verilməsini tapşırıb: “Yerlər seçilməlidir, ondan sonra biznes qurumlarına təqdim edilməlidir ki, 2015-ci ilə qədər onlar yeni otellərin tikintisi ilə məşğul olsunlar. Son iki il ərzində Bakıda beşulduzlu beş otel istifadəyə verilib. Hesab edirəm ki, nə bölgədə, nə qitədə il yarıma beşulduzlu beş otel açılmayıb. Ancaq buna baxmayaraq, yenə də otel nömrələrinə ehtiyac var”. Prezidentin ehtimalına görə, ola bilsin ki, bundan sonra Bakıda daha çox dörd və üçulduzlu otellərin tikintisinə ehtiyac olacaq. “Yerlər seçilməlidir və layihələr də təqdim edilməlidir. Lazım olarsa, Təşkilat Komitəsi də bu layihələrə baxa bilər”, deyə prezident qeyd edib.

Turizm marşrutlarının müəyyən edilməsini prezident İlham Əliyev vacib məsələlər sırasına aid edib. İlham Əliyev qeyd edib ki, keçiriləcək oyunlar böyük idman bayramıdır, lakin, eyni zamanda, bu, imkan verəcək ki, ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim edə bilək. ”Mən çox şadam ki, artıq bölgələrdə də turizm infrastrukturunun yaradılması ilə bağlı çox böyük işlər görülür. Ölkəmizin müxtəlif yerlərində yeni turizm mərkəzləri yaradılır. Azərbaycanda mənzərəli, gözəl, təbiətlə zəngin olan yerlər çoxdur. Hazırda o yerlərdə böyük quruculuq, tikinti işləri aparılır. Mən Şahdağ xizək kompleksini qeyd edə bilərəm. Digər bölgələrdə gözəl otellərin mövcudluğu artıq o bölgələri turistlər üçün cəlbedici edir. Bakıya gələcək qonaqlar, turistlər əlbəttə ki, bu imkanlardan istifadə etməlidir. Turizm marşrutları müəyyən edilməlidir”.


Prezident İlham Əliyev son illərdə nəqliyyat sektoruna qoyulan investisiyaların artıq bölgələrdə də nəqliyyat infrastrukturunun təkmilləşməsinə gətirib çıxardığını qeyd edib. Dövlət başçısı bölgələrdə yeni aeroportlar, özü də beynəlxalq hava limanları tikilməsini diqqətə çatdırıb. “Magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Yəni, turizm marşrutları, eyni zamanda, nəqliyyat infrastrukturu ilə uzlaşdırılmalıdır. Biz bu məsələyə kompleks şəkildə baxmalıyıq. Hesab edirəm ki, bu sahədə əldə ediləcək yeni təcrübə gələcəkdə Azərbaycanda turizmin inkişafına da töhfəsini verəcək. Çünki oyunlar başa çatandan sonra artıq bütün bu təcrübə və infrastruktur gələcək illər üçün qalacaq”.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələyə toxunan prezident qeyd edib ki, bu sahədə əlavə tədbirlər görüləcək. Prezident İlham Əliyev Bakıda oyunların keçirilməsi haqqında qərarın qəbul edilməsində Azərbaycanda kriminogen durumun çox müsbət səviyyədə olmasının böyük rol oynadığını qeyd edib. “Deyə bilərəm ki, Azərbaycan, o cümlədən Bakı şəhəri dünyanın ən təhlükəsiz yerlərindən biridir. Orta hesabla ölkəmizdə gün ərzində təqribən 30-40 cinayət baş verir. Onların mütləq əksəriyyəti ağır cinayətlər deyil. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün bu, çox kiçik bir rəqəmdir. Əlbəttə, kriminogen durumun bu səviyyədə qalması üçün profilaktik tədbirlər görülməlidir. Bir neçə il bundan əvvəl şəhərimizdə videomüşahidə aparmaq üçün kameraların quraşdırılması da hesab edirəm ki, profilaktik tədbirlər arasında mühüm yer tutur. İndi bu kameraların yeni növləri çıxır. Nazir öz çıxışında qeyd etdi. Üztanıma funksiyaları da var ki, bu, ümumiyyətlə kriminogen durumun həmişə aşağı səviyyədə saxlanması üçün çox vacib olacaq”, deyə prezident İlham Əliyev qeyd edib.

İlham Əliyev xüsusi mühafizə tədbirlərin görülməsini də qeyd edib. Onun sözlərinə görə, idman obyektlərində, otellərdə, digər yerlərdə təhlükəsizlik tədbirləri görülməlidir: “Bu tədbirləri bütün müvafiq qurumlar – Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq hüquq mühafizə orqanları icra etməlidir. Əminəm ki, biz bu sahədə həmişə olduğu kimi, istədiyimizə nail olacağıq. Bütün bu hüquq mühafizə qurumları arasında, xüsusilə oyunların keçirilmə ərəfəsində və oyunlar zamanı əlaqələndirmə işləri daha da yüksək səviyyədə təşkil edilməlidir”.

Dövlət başçısı qeyd edib ki, nəqliyyatla bağlı məsələlər də çox vacibdir. “Mən demək olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır. Mən indi şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat məsələləri demək olar, hər bir vətəndaşı incidir. Adi vətəndaşlar, tamaşaçılar, qonaqlar, turistlər, rəsmi heyətlər saatlarla tıxaclarda qalmağa məcbur olurlar. Ona görə, deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq olur. Çünki indi başqa şəhərə oyunları seyr etmək üçün gələn qonaq otel nömrələrini əvvəlcədən sifariş edir, ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. Bu vəziyyətlə üzləşərkən əlbəttə ki, bu, insanları çox incidir. Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülüb, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir” , deyə İlham Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, digər şəhərlərdə xüsusi zolaqlar ayrılır, ancaq bu zolaqlar o qədər də səmərə vermir: “Digər tədbirlər görülür. Amma bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmayıb. Hesab edirəm ki, Bakıda keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəklində baxmalıyıq. Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq”.
Dövlət başçısı qeyd edib ki, oyunların keçirilməsinə qədər yeni yol qovşaqları istifadəyə veriləcək. Deyə bilərəm ki, bu layihələr bəri başdan planlaşdırılıb. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir.

Prezident görüləcək işlər arasında digər infrastruktur məsələləri də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Xüsusilə elektrik enerjisi ilə təchizat. Prezident İlham Əliyevin sözlərinə görə, bu sahədə də son illərdə ölkəmizdə çox böyük işlər görülüb: “Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları istifadəyə verilib. Bakının elektrik şəbəkəsi demək olar ki, yenidən qurulur. Biz indi müxtəlif ölkələrə elektrik enerjisi ixrac edirik. Bölgələrdə və o cümlədən Bakı şəhərində ötürücü xətlərlə bağlı hələ ki, problemlər var. Ötürücü xətlərin bərpası, yeni dirəklərin quraşdırılması əlbəttə ki, çox böyük diqqət tələb edir. Əminəm ki, 2015-ci ilə qədər bu təsərrüfat da tamamilə yeniləşdiriləcək. Beləliklə, elektrik təsərrüfatımız həm Bakıda, həm bölgələrdə tamamilə yeniləşəcək”.

Dövlət başçısı informasiya-kommunikasiya sahəsi ilə əlaqədar işlərin lazımi səviyyədə görüləcəyinə əminlik bildirib. Prezident İlham Əliyevin sözlərinə görə , “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülüb. “Xüsusilə nəzərə alsaq ki, bu il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və bu sahəyə böyük diqqət göstərilir. Mən dünən İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Sərəncam imzalamışam. Bu sahəyə xüsusi diqqət göstərilməlidir. Yəni, buraya gələn idmançılar, qonaqlar, mütəxəssislər bütün imkanlardan rahat istifadə etməlidir. Biz indi ölkəmizin hər bir məntəqəsinə genişzolaqlı internet xətləri çəkirik. Bu, çox önəmli layihədir. Bu layihənin önəmini göstərən amillərdən biri də odur ki, layihənin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan vəsait ayrılıb. Çalışmalıyıq ki, oyunların keçirilməsinə qədər Bakı şəhərində bu sahə ilə bağlı bütün işlər ən yüksək səviyyədə görülsün”, deyə prezident qeyd edib.


Səhiyyə məsələlərinə gəldikdə, İlham Əliyev qeyd edib ki, bu gün Bakı şəhərində artıq bu sahədə görülən işlər müsbət istiqamətdə gedir: “Yeni xəstəxanalar tikilməkdədir və onların bir neçəsi bu il və 2014-cü ildə istifadəyə veriləcək. Avadanlıq artıq dünya standartları səviyyəsindədir. Həkimlərin peşəkarlığı da artır, amma nəzərə alsaq ki, minlərlə qonaq gələcək, daha da sürətlə artmalıdır. Əlbəttə ki, tibb xidməti də öz imkanlarını daha da genişləndirməlidir. Ola bilsin ki, əlavə təcili tibb yardımı maşınları alınsın. Bilirsiniz ki, biz keçən illərdə onların demək olar ki, hamısını yeniləşdirmişik. Bakıda indi sovet dövrünə aid bir dənə də olsun, təcili tibb maşını qalmayıb. Yeni xidmət yaradılıb, operativlik də lazımi səviyyədədir. Maşınlar xəstənin yardımına vaxtında çatır. Ancaq bununla bərabər, əlavə tədbirlər də görülməlidir. Çünki iki həftə ərzində Bakıda minlərlə qonaq olacaq. Həkimlərin də ingilis dili kurslarına cəlb edilməsi məsələsinə baxmaq lazımdır. “Eurovision” ərəfəsində polis işçilərini biz bu kurslara cəlb etmişdik. Bu proses bundan sonra da davam etməlidir. Oyunlara bunun heç bir əlaqəsi olmamalıdır. Çünki Bakıya gələn xarici turistlərin sayı artır. Əlbəttə ki, polis işçiləri ingilis dilini bilməlidir, yəni, bilsələr yaxşı olar. O cümlədən səhiyyə işçiləri. Ümumiyyətlə, xarici dil bilmək yaxşı şeydir və hər bir gənc çalışmalıdır ki, xarici dilləri bilsin”.

Dövlət başçısı Olimpiya simvolunun da çox vacib məsələ olduğunu qeyd edib, çünki Olimpiya simvolu bir növ ölkəni təqdim edir: "Bakıda keçiriləcək oyunlar əlbəttə ki, Avropa ictimaiyyətinin diqqət mərkəzində olacaq. Ancaq Olimpiya Oyunlarının rəmzi, yaxud da ki, rəmzləri, simvolu çox mühüm məsələdir. Mən bilirəm ki, müsabiqə artıq elan edilibdir və müsabiqəyə çox ciddi yanaşmaq lazımdır, ictimaiyyət də öz sözünü deməlidir. Ola bilsin, biz bu məsələni ictimai müzakirəyə də çıxara bilək ki, Azərbaycan vətəndaşları da öz sözlərini desinlər. Bu simvol, əlbəttə ki, ölkəmizin həm tarixini, həm xüsusi əlamətlərini əks etdirməlidir".

Prezident qeyd edib ki, idmançılarımızın bu oyunların hazırlanmasında iştirakı da təmin edilməlidir: “Bütün işlərdə həm görkəmli, tanınmış idmançılarımız, eyni zamanda, geniş şəkildə idmançılar da fəal iştirak etməlidir. Ola bilsin ki, könüllülər arasında idmançılar da olmalıdır. Yəni, Azərbaycanın idman ictimaiyyəti bu işlərdə çox fəal işləməlidir”.
Könüllülərə gəldikdə, dövlət başçısı artıq “Eurovision” ilə bağlı bizim ilk təcrübəmiz olduğunu bildirib və təcrübənin müsbət olduğunu qeyd edib: “Ancaq bu oyunlarda qonaqların sayı daha da çox olacaq. Ona görə, əlbəttə, könüllülər xüsusi təlimatlandırılmalıdırlar və onların uğurlu fəaliyyəti, o cümlədən oyunların uğurlu keçirilməsinə xidmət göstərəcək. Çünki bir daha qayıtmaq istəyirəm öz təcrübəmə, volontyorlar çox mühüm funksiya daşıyır və onların operativliyi, xeyirxahlığı, qonaqpərvərliyi qonaqlarda ölkə haqqında da müsbət təəssürat yarada bilər. Ona görə, xüsusi seçilmiş gənclərimiz bu işlərə cəlb olunmalıdır. Bütövlükdə mən görürəm ki, bu işlərə meyl artır, bizim gənclər ictimai işlərə, ölkəyə xeyir gətirən işlərə çox fəal qoşulurlar. Bu, çox müsbət haldır”.

Prezident İlham Əliyevin sözlərinə görə, Avropa Olimpiya Komitəsi belə fikirdədir ki, Bakıda keçiriləcək oyunlar Yay Olimpiya Oyunlarını təqlid etməməlidir: “Əlbəttə, mən də bununla razıyam. Ancaq bununla bərabər, Yay Olimpiya Oyunlarından aşağı səviyyədə də keçirilməməlidir. Təbiidir, bu oyunların öz siması olmalıdır. Ancaq təşkilatçılıq baxımından, yəni bütün işlərin qurulması baxımından bu oyunlar Yay Olimpiya Oyunlarından aşağı səviyyədə olmamalıdır. Hesab edirəm ki, ondan daha da yüksək səviyyədə olmalıdır və olacaq”.

Prezidentin sözlərinə görə, bu oyunların öz siması, öz standartları olacaq: “Deyə bilərəm ki, bu standartları biz tətbiq edəcəyik. Bizim qoyduğumuz təməl üzərində bundan sonra da Avropa Oyunları keçiriləcək. Nə Avropa Olimpiya Komitəsinin, nə də bizim bu oyunların keçirilməsində təcrübəmiz yoxdur. Bu da bizim üçün böyük bir çətinlikdir, böyük çağırışdır.
Mən giriş sözümdə qeyd etdim ki, hazırlıq üçün bizim cəmi iki il vaxtımız var, baxmayaraq ki, Yay Olimpiya Oyunları üçün 6-7 il vaxt verilir. Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə var və Beynəlxalq Olimpiya Komitəsi demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Cild-cild kitablar var. Orada hər bir sahə üzrə, hər bir nöqtəyə qədər artıq müəyyən edilmiş qaydalar var. Hazır təlimatlar, metodiki qaydalar var. Burada isə heç nə yoxdur. Belə olan halda bütün məsuliyyət, bütün təşkilati məsələlərin həlli bizim üzərimizə düşür. Bir növ həm bu oyunların, eyni zamanda, gələcək oyunların başqa şəhərlərdə keçirilməsi üçün yeni standartları biz tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha demək istəyirəm ki, bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq”, deyə prezident qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, baxmayaraq ki, bu böyük mötəbər oyunlar Bakıda birinci dəfə keçiriləcək, ancaq bu vaxta qədər Bakıda dünya, Avropa çempionatları, “Eurovision” müsabiqəsi, digər beynəlxalq tədbirlər böyük uğurla keçirilib. ”Əminəm ki, Təşkilat Komitəsi bütün bu işləri yüksək səviyyədə həll edəcək. Mən buna şübhə etmirəm. Beləliklə, Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcək”, deyə prezident bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR