TQDK sədri: “Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı azalıb”

TQDK sədri: “Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı azalıb”
# 30 yanvar 2013 08:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə və “Abituriyent” jurnalının 12-ci sayının təqdimatına həsr olunan tədbirdə deyib. Komissiya sədri bildirib ki, 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub: “Son səkkiz ildə məzunların sayı 27.46 faiz azalıb. Bu il sənəd verənlərin 58.84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60.90 faiz, 2010-cu ildə 55.63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub”.

TQDK sədri qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 471 abituriyent iştirak edib. Onlardan 41.70% 0-100, 22.95% 100-200, 15.06% 200-300, 15.50% 300-500, 4.79% isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1226 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək nəticə göstərənlər I qrupda 234, II qrupda 297, III qrupda 350, IV qrupda 345 nəfərdir. 5 nəfər isə maksimal nəticə – 700 bal toplayıb.

Komissiya sədri əlavə edib ki, ali təhsil müəssisələrinə bu il 34098 plan yeri ayrılıb. Onun sözlərinə görə, qəbul planı ötən illə müqayisədə 8.53 faiz artıb. 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 34098 yer ayrılıb. Qəbul planının 28709 yeri dövlət, 5389 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 10680 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 90 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Ötən illə müqayisədə bu tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 8.81% (2325 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 7.03% (354 yer) artıb. Ümumilikdə, qəbul planı 2679 yer (8.53%) artıb. Ötən il isə qəbul planında 2.98% artım olub. Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2012-ci ildə Azərbaycan və rus bölmələri üçün ayrılıqda olan plan yerlərinin hesabına hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər 2.56 dəfə artıb. Cari ildə artıq hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.75%-ni təşkil edib.

TQDK sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 6.39% azalı: “Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ötən illə müqayisədə sənəd verənlərin sayı 6863 nəfər azalıb. Onların 4885-i orta ixtisas, 425-i ali (2-ci ixtisas kimi), qalanları isə ümumi orta təhsillidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR