Bakıda beynəlxalq sığorta forumu keçirilir - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Bakıda beynəlxalq sığorta forumu keçirilir - <font color=red>FOTOSESSİYA - VİDEO - YENİLƏNİB</font>
# 04 iyul 2012 10:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək forum regionda sığorta və təkrarsığorta bazarlarına həsr olunub və sözügedən regionun ən vacib tendensiya və perspektivlərini özündə əks etdirir. Forumun təşkilatçıları rolunda Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Rumıniyanın «Media XpriMM» şirkəti çıxış edir. APA İnformasiya Agentliyi isə forumun rəsmi media tərəfdaşıdır.

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov son illər ərzində Azərbaycanda sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldüyünü qeyd edib. «Azərbaycanda bu prosesə 2006-cı ildən başlanılıb və həmin ildən başlayaraq sığorta sahəsində yeni qanunvericilik və digər xarakterli sənədlər qəbul olunub. Belə ki, 2010-cu ildə «İstehsalatda bədbəxt hadisələr nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» və «İcbari sığortalar haqqında» qanunlar qəbul edilib. Bundan başqa, əhalinin maarifləndirilməsi sahəsində təbliğat işləri aparılıb, təbliğatla bağlı xüsusi saytlar yaradılıb. Həmçinin, sığorta şirkətlərində proqram təminatları yaradılıb ki, bunun vasitəsi ilə şirkətlərdə sığorta şəhadətnamələrinin elektron sifarişi, hesabatların tətbiqi zamanı yarana biləcək problemlərin aradan qaldırılması mümkündür», - deyə nazir müavini vurğulayıb.

Konfransda daha sonra Milli Məclisin iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan sığorta bazarının tarixi və inkişaf səviyyəsindən, indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.

«Media XpriMM» PR-şirkətinin prezidenti Serjiu Kostahe çıxışında bildirib ki, Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi baxımından region dövlətlərinə nümunə ola bilər: «Sığorta sahəsi Azərbaycanda yüksələn xətlə inkişaf edir və biz bunun gələcəyinə inanırıq».

Daha sonra «AzRe Təkrarasığorta» şirkəti İdarə Heyətinin sədri Çingiz Mehdiyev Cənubi Qafqaz regionunda sığorta bazarının vəziyyəti və Azərbaycanda sığortanın inkişaf tempi barədə danışıb.

Qeyd edək ki, 200-dək yüzədək iştirakçının qatıldığı forumda təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, regionda sığorta və təkrarsığorta sahələrində potensial investisiya imkanları müzakirə ediləcək. Tədbirdə Qafqaz regionu, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edirlər.

Beynəlxalq Sığorta Forumu 2009-cu ildən başlayaraq hər il Bakıda keçirilir. II Beynəlxalq Sığorta Forumu ötən il iyul ayının 7-8-də keçirilib. Forumda həyat və şəxsi sığorta xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və bank işinin sığortası mövzusu müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR