Azərbaycanda beynəlxalq neft-qaz konfransı keçirilir

Azərbaycanda beynəlxalq neft-qaz konfransı keçirilir
# 12 iyun 2012 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, Azərbaycan neft hasilatı və kəşfiyyatı tarixində önəmli yer tutur: «Dünyada ilk neft quyusu 1846-cı ildə Bakıda qazılıb». Azərbaycanın neft yataqları ilə zəngin olduğunu deyən A.Əlizadə bildirib ki, ölkənin «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» kimi qaz və neft yataqlarından əlavə də kəşf olunmuş yataqları var: «Onlar da hasilata daxil ediləcəksə, Azərbaycan neft-qaz ehtiyatları ilə daha 30-40 il tam təmin olunacaq».

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, Azərbaycan Xəzər dənizində elmi kəşfiyyat işlərinə 1949-cu ildə başlayıb. Hələ 1991-ci ilə qədər Xəzərin Azərbaycan sektorunda 130 perspektiv struktur kəşf edilib: «Müstəqilliyin ilk illərində ölkədə neft hasilatı 9 mln. tona düşüb. Heydər Əliyev hakimiyyətə gəldikdən və ölkənin neft strategiyası müəyyən olunduqdan sonra 2010-cu ildə yenidən neft hasilatı 50 mln. tona qədər yüksəlib».

X.Yusifzadə qeyd edib ki, hazırda təkcə «Şahdəniz» yatağından sutkada 25 mln. kubmetr qaz alınır: «İndi Azərbaycan qaza olan tələbatını təmin edib, həm də onu qonşu ölkələrə ixrac etmək imkanı əldə edib».

Qeyd edək ki, konfransın təşkilatçıları Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetidir. Dünyada bu mövzuda ilk dəfə təşkil olunan tədbirdə 10 ölkədən nümayəndələr iştirak edir. ARDNŞ və BP tərəfindən maliyyələşdirilən konfransda məqsəd dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşməkdir. Tədbir iyunun 14-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR