Dünya Bankı Azərbaycandakı fəaliyyətinin qiymətləndirməsini aparır

Dünya Bankı Azərbaycandakı fəaliyyətinin qiymətləndirməsini aparır
# 19 iyun 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda son 2 il ərzində həyata keçirdiyi strategiyanın qiymətləndirməsini aparır. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional meneceri Henri Kerali bildirib.

Onun sözlərinə görə, bankın siyasətinə əsasən, hər 2 ildən bir DB-nin hər bir ölkədəki fəaliyyətinin qiymətləndirilməsi aparılır: “Ona görə də hazırda DB Azərbaycandakı son 2 illik strategiyasının qiymətləndirməsini aparır. Sözügedən qiymətləndirmə yaxın bir neçə ay ərzində başa çatdırılacaq və yeni strategiyanın hazırlanması üçün DB Azərbaycan hökuməti ilə müvafiq danışıqlara başlayacaq. DB-nin Azərbaycan üzrə yeni strategiyası 2013-2014-cü illəri əhatə edəcək”.

Növbəti illərdə DB-nin Azərbaycandakı fəaliyyətinə gəldikdə, H.Kerali bildirib ki, bank əsas diqqətini ölkədə iştirak etdiyi və artıq uğur qazanmış sahələrə yetirəcək: «Növbəti illərdə biz Azərbaycanda əsasən kənd təsərrüfatı, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, məişət tullantılarının idarə edilməsi, səhiyyə, nəqliyyat, o cümlədən dəmir yolunun inkişafı sahələrinə diqqət yetirəcəyik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR