Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində rüşvət verən və rüşvət alan şəxslər cinayət başında tutulublar

Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində rüşvət verən və rüşvət alan şəxslər cinayət başında tutulublar
# 19 aprel 2012 19:05 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının sədri Səfərli Ələsgər Səfər oğlunun əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşlardan rüşvət alması barədə daxil olmuş əməliyyat məlumatları ilə bağlı təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, daxil olmuş məlumatların araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq-əməliyyat qrupu yaradılmış və komissiyanın inzibati binasında məhkəmənin müvafiq qərarına əsasən gizli çəkilişlər aparılmışdır. 17 aprel 2012-ci il tarixdə komissiyanın sədri Ə.Səfərli Şəmkir rayonunun Seyfəli kənd sakini Məmmədov Arif Burcalı oğluna 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 29 saylı Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının inzibati binasında yerləşən xidməti otağında sonuncunun qardaşı Mübariz Məmmədovdan 500 (beş yüz) manat məbləğində rüşvət almışdır. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının otağa daxil olduqlarını görən Ə.Səfərli gün ərzində rayon sakinlərindən rüşvət aldığı pulları otaqda olan Arif Məmmədova ötürməklə, habelə pulun bir hissəsini əyləşdiyi stulun altına atmaqla öz çirkin əməllərini ört-basdır etməyə çalışmışdır. Ə.Səfərli və M.Məmmədov cinayət başında yaxalanıblar.

Ə.Səfərlinin üzərinə baxış zamanı gün ərzində vətəndaşlardan rüşvət aldığı 5 ədəd 100 manatlıq, 16 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq, 27 ədəd 5 manatlıq əsginaslarla cəmi 1.635 manat, eləcə də inzibati otaqdakı stulun alt hissəsindən 10 ədəd 50 manatlıq pul əsginasları ilə 500 manat, həmçinin yazı masasının üzərindən A.Məmmədovun tibbi sənədləri aşkar edilərək götürülüb. Həmçinin Arif Məmmədovun üzərinə baxış keçirilən zaman gödəkcənin cibindən Ə.Səfərlinin ona ötürdüyü 1050 manat və 300 ABŞ dolları, habelə əmək qabiliyyəti olmaması barədə vərəqə, Tibbi Sosial Ekspert Komissiyasına göndəriş vərəqələri və müayinə aktları aşkar edilərək götürülüb. Bundan başqa, Ə.Səfərlinin yaşadığı ünvanda aparılmış axtarış zamanı ayrı-ayrı vətəndaşların adlarına tərtib olunmuş müayinə aktları, boş müayinə aktları, məktublar, ərizə və izahatlar, içərisində əlyazmalar olan jurnal, tibbi sənədlərin surətləri, siyahılar, habelə cinayət yolu ilə əldə olunması ehtimal olunan 3 min 200 ABŞ dolları və 11 min 497 manat məbləğində pul aşkar edilərək götürülüb.

Ələsgər Səfərli Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Mübariz Məmmədov isə həmin məcəllənin 312.1-ci (rüşvət vermə) maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar.
Araşdırma zamanı Ə.Səfərli tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlillik dərəcəsi təyin olunması üçün komissiyaya müraciət edən onlarla rayon sakinlərindən, o cümlədən Bayramov Mübariz Ənvər oğlundan, Həsənov Həsən Cəfər oğlundan, Şıxıyev Zakir Əşrəf oğlundan və Mustafayeva Möminə İbrahim qızından da rüşvət alınması faktları öz təsdiqini tapıb.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi və qeyd olunan vətəndaşların məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR