Azərbaycanda üzümlüklərin sahəsi 50 min hektara çatdırılacaq

Azərbaycanda üzümlüklərin sahəsi 50 min hektara çatdırılacaq
# 21 iyun 2012 16:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda həyata keçirilən üzümçülüyün inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq üzümlüklərin sahəsi 50 min hektara çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

“Azərbaycanda üzümçülüyün inkişafı üçün müvafiq işlər görülür. Biz təklif etmişik ki, Azərbaycanda ümumi sahəsi 50 min hektar olan üzümçülük təsərrüfatları yaradılsın”.

Nazir bildirib ki, üzümlüklərin hər hektarından 100 sentner üzüm götürüləcəyini nəzərə aldıqda, bu, ildə 500 min ton məhsul yığılması deməkdir: «Bu həcm həm ölkənin üzümə olan yerli tələbatını təmin etməyə imkan verir, həm də ilkin mərhələdə özünə rahat bazar tapa biləcək».

İsmət Abasov bildirib ki, üzümçülüyü, eləcə də çayçılığı inkişaf etdirmək üçün bu sahələrdə fəaliyyət göstərən fermerlərə daha uzunmüddətli kreditlərin verilməsi də nəzərdə tutulur. Hazırda həm Kənd Təsərrüfatı Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyi bununla bağlı işlər aparır. Bununla yanaşı, bu sahələrdə çalışan fermerlər kredit üçün müraciət edərkən bu müraciətlərini əsaslandırmalı olacaqlar: «Yəni hər hansı fermer üzümçülük və ya çayçılıqla məşğuldursa, o kredit üçün müraciət edəndə dəqiq hesablanmış biznes plana malik olmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR