Venesiya Komissiyasının katibi: “AŞPA bizə Azərbaycanın “Dini etiqad və vicdan azadlıqları haqqında qanun”unu nəzərdən keçirməyi təklif edib”

Venesiya Komissiyasının katibi: “AŞPA bizə Azərbaycanın “Dini etiqad və vicdan azadlıqları haqqında qanun”unu nəzərdən keçirməyi təklif edib”
# 27 iyun 2012 15:08 (UTC +04:00)
APA-nın Avropa bürosu əməkdaşının “Venesiya Komissiyası Azərbaycanla daha hansı qanun layihələri ilə bağlı əməkdaşlıq etmək niyyətindədir” sualını cavablandıran cənab Markert bu yaxınlarda onlara Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanda “Dini etiqad və vicdan azadlıqları haqqında qanun”unu nəzərdən keçirmək üçün təklif gəldiyini bildirib: “Təqribən 10 gün olar ki, AŞPA tərəfindən bizə belə bir təklif gəlib, amma mətn hələ tərcümə olunmadığından onu öyrənməyə başlaya bilmirik. Hələlik bu qanun layihəsi ilə tanış olmadığım üçün bir şey deyə bilmərəm. Mətn tərcümə olunan kimi, bizim ekspertlərimiz onun üzərində işə başlayacaqlar. Onu deyə bilərəm ki, sözügedən qanun layihəsi ilə bağlı oktyabr ayında öz rəyimizi vermək niyyətindəyik”.

Bundan əvvəl Venesiya Komissiyasının Azərbaycanla bağlı son iki qanun layihəsinə dair rəylərin daha çox tənqidi xarakter daşıdığını deyən Tomas Markert verilən tövsiyələrin Azərbaycan tərəfindən nəzərə alınacağında ümidvar olduğunu bildirib: “Bildiyiniz kimi, sonuncu dəfə Azərbaycanla bağlı iki qanun layihəsi haqqında öz rəylərimizi vermişdik. Bunlardan “Siyasi partiyalar haqqında” qanun layihəsi Azərbaycan parlamenti tərəfindən artıq qəbul edilib, QHT-lər haqda qanun isə hələ də qəbul edilməyib. Amma bu yaxınlarda bizim qurumun üzvü Lətif Hüseynov Azərbaycanda bu qanun layihələrinin vəziyyətinin müzakirə edilməsi üçün xüsusi bir ekspert qrupunun yaradılacağını bizə söyləmişdi. Bu məsələ Azərbaycanın daxili qanunvericiliyinə aid olan bir məsələdir, amma ümid edirəm ki, bu addım bizim rəyimizin də nəzərə alınması ilə, qanun layihəsinin ölkə parlamenti tərəfindən qəbul edilməsinə yardımçı olacaq. Daha əvvəl isə biz Azərbaycan Seçki Məcəlləsini baxışdan keçirmişdik, amma bizim elə bir göstəricilərimiz yoxdur ki, Azərbaycan bu qanun layihəsi haqqında rəy verməmiz üçün bizə yenidən müraciət etsin. Bu komissiya hüquqi qurumdur, siyasi qurum deyil. Ona görə də biz hər hansı bir ölkəyə, hökumətlərə təzyiq edə bilmərik. Bu məsələ ilə AŞPA Monitorinq Komitəsi vasitəsi ilə bizim hüquqi rəylərimizi nəzərə alaraq məşğul olur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR