Azərbaycan Banqkokda keçirilən «ITU Telecom World-2013» sərgisində iştirak edir

Azərbaycan Banqkokda keçirilən «ITU Telecom World-2013» sərgisində iştirak edir
# 19 noyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Banqkokda (Taylandın) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) nüfuzlu «ITU Telecom World-2013» sərgi-konfransı keçirilir. Qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

«APA-Economics»in Rabitə və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak edirlər.

Noyabrın 22-dək davam edəcək sərgidə Azərbaycanın milli pavilyonu üçün ayrılmış 156 kv. metrlik sahədə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən «Azerspace», Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), «Elektron hökumət» həlləri, «Dilmanc» layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan 3G və 4G xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.

Konfrans çərçivəsində «Azərbaycan gecəsi»nin keçirilməsi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları da təşkil olunacaq. Tədbir çərçivəsində qabaqcıl İT korporasiya və şirkət liderləri, eyni zamanda müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR