Bəşər Əsədlə İran xarici işlər nazirinin görüşünün detalları açıqlanıb

Bəşər Əsədlə İran xarici işlər nazirinin görüşünün detalları açıqlanıb
# 15 yanvar 2014 16:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Dəməşqdə İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Suriya prezidenti Bəşər Əsəd arasında keçirilmiş görüşün detalları açıqlanıb.

APA-nın İRİB-ə istinadən verdiyi xəbərə görə, görüşdə B.Əsəd ikitərəfli əlaqələrin əhəmiyyətinə toxunaraq, Suriya hökumətinin terrorizmə və radikalizmə qarşı mübarizə aparmasına, eləcə də məzhəblərarası qarşıdurmaların aradan qaldırılması istiqamətində atdığı addımlardan danışıb. Suriya prezidenti həmçinin İrana ölkəsini və xalqını dəstəkləməklə bağlı dəyişilməz mövqeyinə görə təşəkkür edib.

M.C.Zərif isə öz növbəsində İran prezidenti Həsən Ruhaninin salamını B.Əsədə çatdıraraq, ölkəsinin Suriya ilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Nazir həmçinin İranla “altılıq” ölkələri arasında keçirilən nüvə danışıqlarından sonra yaranmış siyasi prosesi şərh edib: “İran regionda radikalizm və terrorizmə, xüsusilə də məzhəblərarası qarşıdurmalara qarşı mübarizə ilə bağlı mövqeyində prinsipialdır. Suriyada böhranın həlli uzaqgörənliyə və məntiqə söykənməlidir. Bu məsələnin həllinə nail olmaq üçün diplomatik danışıqlar yoluna doğru hərəkət etmək lazımdır”. M.C.Zərif Cenevrədə keçirilməsi planlaşdırılan konfransı Suriya böhranının həlli üçün siyasi və beynəlxalq fürsət adlandırıb: “Bu beynəlxalq konfransın müvəffəqiyyətli şəkildə keçirilməsi günahsız insanların qətlə yetirilməsi və radikalizmin genişlənməsinin qarşısını ala bilər”.

Qeyd edək ki, İran xarici işlər naziri regional səfər çərçivəsində Livan, İordaniya, İraq və Suriyada bir sıra görüşlər keçirib. M.C.Zərif yanvarın 16-da Moskvada Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavraovla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR