Şahin Mustafayev: “Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılıb”

Şahin Mustafayev: “Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılıb”
# 25 may 2013 14:02 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Azərbaycanda 150-dən artıq gürcü şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə müsahibəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılıb: “Təkcə son 2 il ərzində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 210 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb. Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən layihələrə misal olaraq inşaat, turizm və nəqliyyat infrastrukturu layihələrini, hazırda Kulevi sənaye zonasında tikilməkdə olan karbamid istehsalı zavodunu göstərmək olar”.

Nazir ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcud olduğunu bildirib. O, Qəbələdə keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes-forumu çərçivəsində müzakirə edilən məsələlərin və iş adamları arasında keçirilən ikitərəfli görüşlərin üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi perspektivlərini də vurğulayıb: “Üçtərəfli formatda müxtəlif tədbirlərin davam etdirilməsi, ölkələrimizin regionları arasında əməkdaşlığın gücləndirilməsi, dövlətlərarası elektrik enerjisi mübadiləsi imkanlarının artırılması, maliyyə institutlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması və digər ölkələrə birgə investisiyaların yatırılması, turizm sahəsində əlaqələrin genişləndirilməsi, Asiya ilə Avropanı birləşdirən və hər üç ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyinin, onların digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin artırılması Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığının daha da genişlənməsində əhəmiyyətli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR